Bu gün:

İtaliya 9 avqustdan etibarən Qəzzaya havadan yardım göndərəcək


İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, 9 avqustdan etibarən Qəzza zolağına havadan humanitar yardım göndərməyə başlayacaqlar.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Crosetto jurnalistlərə açıqlamasında İsrailin hücumlarından təsirlənən Qəzza əhalisinə əsas ehtiyac məhsullarının çatdırılması və havadan atılması üçün hərbi bir əməliyyata icazə verdiyini deyib.

Crosetto bildirib ki, əməliyyat öncü bir qrupun bölgəyə göndərilməsi ilə başlayacaq və bu qrup bölgədə hazırlıq işlərini aparacaq, yerli orqanlarla əlaqəni təmin edəcək.

Nazir əlavə edib ki, yardım materiallarının təmin olunması və İordaniyaya çatdırılması prosesi tamamlandıqdan sonra, 9 avqustda Qəzzaya ilk havadan yardım endirilə bilər.

Qəzzada aclıq böhranı yaşanır.

İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran ciddi mühasirəsi nəticəsində Qəzza zolağında aclıq yayılıb, su, dərman, tibbi avadanlıq və gigiyena vasitələri çatışmır və bölgə humanitar fəlakətlə üz-üzədir.

Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıq səbəbindən ölüm halları artır.

İsrailin aclıq tətbiq etdiyi bu bölgədə, 7 oktyabr 2023-cü ildən bu günə qədər aclıq səbəbilə 92-si uşaq olmaqla 162 nəfər həyatını itirib.

Yerli və beynəlxalq qurumlar İsrailin “aclıq və susuzluğu silah kimi” istifadə etdiyini bildirirlər.

Mənbə: TRT HABER

Tərcümə etdi : Solmaz Muradova

Paylaş
Şərh əlavə et