Yaponiyanın Fuji dağının ətəyində inşa edilən və “gələcəyin şəhəri” kimi tanınan şirkətin “Woven City” layihəsi rəsmən fəaliyyətə başlayır. Birinci mərhələ başa çatıb və şəhər ilk sakinlərini qəbul etməyə hazırlaşır. Üstəlik, sakinlər kirayə haqqı da ödəməyəcəklər.

Gələcəyin şəhəri: “Toyota”-nın 10 milyard dollarlıq baxışı
Toyota 2020-ci ildə CES sərgisində ilk dəfə təqdim edilən, 2021-ci ildə isə tikintisinə başlanılan Woven City layihəsi ilə gələcək texnologiyaları sınaqdan keçirmək və inkişaf etdirmək niyyətindədir. Yaponiyanın simvolu olan Fuji dağının ətəyində yerləşən bu şəhər sıfır emissiyalı, hidrogen yanacaq elementi ilə işləyən, tam əlaqəli şəhər infrastrukturu yaratmaq məqsədi daşıyır.
“Toyota”-nın baş direktoru Akio Toyodanın sözlərinə görə, bu layihə sadəcə yaşayış sahəsi deyil, həm də gələcəyin texnologiyalarını formalaşdıracaq tədqiqat və təkmilləşdirmə laboratoriyasıdır. Layihənin ümumi dəyəri 10 milyard dollar olaraq açıqlanıb.
Sakinlər texnologiyanı inkişaf etdirəcəklər
Woven City sakinləri ənənəvi mənada “icarəçilər” olmayacaqlar. Onlar Toyota ilə əməkdaşlıq edəcək və yeni nəsil eksperimental texnologiyaların inkişafına töhfə verəcəklər. Bunun müqabilində kirayə haqqı ödəməyəcəklər.
İlkin olaraq 100 nəfər üçün nəzərdə tutulan şəhər sonda 2200 nəfərə qədər genişlənəcək. Bu say ailə üzvləri və ev heyvanlarını da əhatə edir. Toyota bu quruluşu “canlı laboratoriya” kimi təsvir edib.
Ağıllı evlər, robot köməkçiləri və avtonom nəqliyyat
Woven City infrastrukturu sıfırdan texnologiya ilə formalaşdırılıb. Şəhərin 11 ağıllı binası süni intellekt, əşyaların interneti (IoT) və robototexnika ilə təchiz olunub. Hazırlanmış sistemlər sakinlərin rahatlığını artırmaqla yanaşı, yeni texnologiyaların gündəlik həyata inteqrasiyasını da sınaqdan keçirəcək.
Şəhərdə tətbiq olunacaq bəzi xüsusiyyətlərə aşağıdakılar daxildir:
Dronlar: xüsusilə gecə gəzintiləri zamanı təhlükəsizlik üçün sakinləri müşayiət edəcək;
Heyvan robotları: yaşlılara kömək edəcək;
Daxili yardım robotları: gündəlik işləri asanlaşdıracaq və yaşayış keyfiyyətini artıracaq;
Avtonom sürücülük texnologiyaları: “Woven City”-də hazırlanıb sınaqdan keçiriləcək;
Süni intellektlə işləyən rəqəmsal platformalar: uzaqdan giriş, istehsal monitorinqi və virtual qarşılıqlı əlaqəni təmin edəcək.
Toyota bildirir ki, şəhərdə istifadə edilən texnologiyalar yalnız fiziki məkanla məhdudlaşmayacaq, insanlar rəqəmsal olaraq da iştirak edə biləcəklər.
Yalnız təcrübə üçün deyil, yaşamaq üçün bir yer
“Toyota”-nın açıqlamasına görə, Woven City sadəcə adi yaşayış sahəsi deyil. “Yalnız yaşamaq, işləmək və oynamaq üçün bir yer deyil. Bu, daha çox şeydir…” kimi təsvir edilən şəhər ixtiraçıların, mühəndislərin və dizaynerlərin öz ideyaları ilə sərbəst sınaq keçirə biləcəyi açıq laboratoriya kimi dizayn edilib.
Şəhərin adındakı “toxuculuq” sözü birbaşa Toyotanın tarixinə istinad edir. Şirkət 1930-cu illərdə avtomobil istehsal etməzdən əvvəl toxuculuq dəzgahları istehsal edib. Buna görə də ilk sakinlər “toxucular” adlandırılıb. Bu, sadəcə bir şəhər deyil, “Toyota”-nın öz köklərinə hörmətinin simvolu kimi qiymətləndirilir.
Gələcəyin şəhərləri necə olmalıdır? “Toyota”-dan ilham
Bu Toyota layihəsi gələcəyin şəhərlərinin necə formalaşacağına dair mühüm ipucları verir. Sıfır emissiya, ağıllı nəqliyyat, süni intellektlə işləyən yaşayış sahələri və təbiətə uyğun memarlıq - bütün bunlar gələcək şəhər konsepsiyasının əsasını təşkil edir.
Woven City layihəsi ekoloji baxımdan təmiz, texnoloji cəhətdən inkişaf etmiş və insan mərkəzli bir şəhərin mümkünlüyünü nümayiş etdirir. Üstəlik, texnologiyanı birbaşa, icarəsiz yaşamaq mümkündür.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
