Bu gün:

Putin: Ukrayna ilə danışıqlara müsbət baxıram


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə aparılan danışıqları müsbət qarşılayır, lakin Rusiyanın məqsədlərinin dəyişmədiyini və ordunun cəbhə xəttində irəliləməyə davam etdiyini vurğulayıb.

Putin Ukrayna ilə aparılan danışıqlar, cəbhədəki vəziyyət və Rusiyanın hərbi imkanları barədə açıqlama verib. İstanbulda keçirilmiş danışıqları ümumilikdə müsbət qiymətləndirdiyini deyən Putin, hər iki tərəfin işçi qruplarının yaradılması ideyasına müsbət yanaşdığını və danışıqların sakit şəraitdə davam etməsi barədə razılığa gəldiklərini bildirib.

“Danışıqlar davam edəcək”.

Putin, danışıqlardan məyus olanların həddindən artıq gözlənti içində olduğunu deyərək, danışıqların davam edəcəyini ehtimal etdiklərini qeyd edib. O eyni zamanda Rusiyanın danışıqlardakı məqsədlərinin dəyişmədiyini də xüsusi vurğulayıb.

Putin həmçinin bildirib ki, həm Rusiya, həm də Ukraynanın təhlükəsizliyinə pan-Avropa təhlükəsizliyi çərçivəsində baxılması məntiqli olardı. O, iki ölkənin mümkün güzəştləri müzakirə edə biləcəyi işçi qrupları yaradacağına ümid etdiyini də əlavə edib.

Cəbhədəki vəziyyətə toxunan Putin, Rusiya ordusunun bütün cəbhə boyunca irəlilədiyini bildirib. O, xüsusilə Bahmutun qərbində yerləşən Çasiv Yar şəhərinin bir neçə gün əvvəl ələ keçirildiyini açıqlayıb. Hərbi gücləri barədə də danışan Putin, “Oreshnik” raket sisteminin kütləvi istehsalına başlandığını və ilk partiyanın orduya təhvil verildiyini söyləyib.

Sonda o, yüzlərlə insanın vətəninə qayıtdığını və dayanıqlı, qalıcı bir sülhə ehtiyac olduğunu qeyd edib.

Mənbə: TRT HABER

Tərcümə etdi: Solmaz Muradova

Paylaş
Şərh əlavə et