Bu gün:

Tramp Rusiyaya qarşı gömrük təhdidinin vaxtını irəli çəkib


ABŞ-nin sabiq prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinə qarşı irəli sürdüyü gömrük rüsumu təhdidinin vaxtını əvvəlcədən elan edilən tarixdən önə çəkib.

Trampın bəyanatına görə, əgər Kreml 8 avqusta qədər Ukrayna ilə atəşkəs razılaşmasını imzalamasa, Rusiyaya qarşı 100% həcmində ikincil gömrük rüsumları tətbiq olunacaq.

Tramp 14 iyulda verdiyi açıqlamada bu müddəti 50 gün olaraq təyin etsə də, 28 iyulda Şotlandiyada etdiyi çıxışda vaxtın 8 avqusta endirildiyini bildirib. O, atəşkəslə bağlı heç bir irəliləyişin olmadığını və artıq daha çox gözləməyə ehtiyac görmədiyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də Trampa, Rusiyaya qarşı sərt mövqeyini dəyişdiyinə və vaxt məhdudiyyətini yenidən gözdən keçirdiyinə görə təşəkkür edib.

İkincil gömrük rüsumu nədir?

İkincil gömrük rüsumu, bir ölkə ilə (bu halda Rusiya) ticarət edən digər ölkələrə tətbiq olunan vergi növüdür. Əgər hər hansı bir ölkə Rusiyadan qaz və ya neft almaqda davam edərsə, ABŞ həmin ölkənin öz bazarına ixrac etdiyi məhsullara 100% gömrük vergisi tətbiq edə bilər.

Trampın əsas məqsədi – bu cür tədbirlərlə digər ölkələrin Rusiya ilə enerji ticarətini dayandırmasına nail olmaq və Moskvanın qaz və neftdən əldə etdiyi gəlirləri azaltmaqdır. Lakin bu siyasətin həyata keçirilməsi asan görünmür. Avropa İttifaqı və ABŞ Rusiyadan enerji asılılığını azaltsa da, bir çox Asiya, Afrika və Cənubi Amerika ölkələri hələ də Rusiya xammalından istifadə edir.

Əgər Tramp təhdidini gerçəkləşdirsə, bu ölkələr ciddi seçim qarşısında qala bilər, ya Rusiya ilə ticarəti davam etdirəcəklər, ya da ABŞ bazarına çıxışlarını itirəcəklər.

Türkiyə üçün risk nə qədər böyükdür?

Bu potensial sanksiya Türkiyəni də əhatə edə bilər. Beynəlxalq Ticarət Məlumat Platforması olan OEC-nin 2023-cü il məlumatlarına əsasən, Türkiyə Rusiya üçün Çin və Hindistandan sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır. Türkiyə həm Rusiyanın ən çox ixrac etdiyi, həm də ən çox idxal etdiyi ölkələr arasında ilk üçlükdə yer alır.

Türkiyə Statistika Təşkilatı (TÜİK) bildirir ki, 2024-cü ildə ölkənin Rusiyadan aldığı yanacaq məhsullarının dəyəri 32 milyard ABŞ dollarını keçib. Bu isə Trampın mümkün gömrük rüsumu siyasətinin Türkiyənin iqtisadiyyatına birbaşa təsir edə biləcəyini göstərir.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva 


Paylaş
Şərh əlavə et