Bu gün:

2030-cu ilin uğurlu gəncləri bu gün kod yazmağı öyrənənlər olacaq


Texnologiyanın inkişafı ilə proqramlaşdırma bilikləri bir çox gənclər üçün zəruri bacarıqlardan birinə çevrilir.

Dünya İqtisadi Forumunun (World Economic Forum) 2020-ci il tarixli “Gələcəyin Peşələri” adlı hesabatında qeyd edilir ki, 2025-ci ilə qədər avtomatlaşdırma və süni intellektin inkişafı nəticəsində 85 milyon iş yeri ləğv olunsa da, təxminən 97 milyon yeni, rəqəmsal bacarıqlara əsaslanan iş yerləri yaranacaq. Bu göstəricilər proqramlaşdırma və texnoloji savadlılığın yaxın gələcəkdə əmək bazarında əsas üstünlük olaraq qalacağını göstərir.

Azərbaycanda da proqramlaşdırmaya maraq artmaqdadır. Bir sıra yerli tədris mərkəzləri – o cümlədən Code Academy, Tech Academy və İnnoland – müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər təşkil edir. Bu platformalar vasitəsilə son illərdə minlərlə gənclər ilkin kodlaşdırma və veb proqramlaşdırma biliklərinə yiyələnib. Mərkəzlərin rəsmi saytlarında paylaşdığı məlumatlara əsasən, tədris prosesində Python, jаvascript, HTML, CSS kimi dillərə xüsusi üstünlük verilir.

Avropa Komissiyasının “Digital Education Action Plan 2021–2027” sənədində də kodlaşdırma və digər rəqəmsal bacarıqların təhsil sistemlərinə inteqrasiyası əsas prioritetlərdən biri kimi göstərilir. Sənədə əsasən, yaxın illərdə Avropa İttifaqı ölkələrinin əksəriyyətində ibtidai və orta təhsil pillələrində kodlaşdırma tədrisi genişləndiriləcək. Azərbaycanda da bu istiqamətdə STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsili çərçivəsində bir sıra məktəblərdə kodlaşdırma modulları tətbiq olunmağa başlanıb.

Mütəxəssislərin fikrincə, proqramlaşdırma yalnız İT sahəsində çalışmaq üçün deyil, həm də analitik düşüncə, sistemli yanaşma və problem həll etmə bacarıqlarının formalaşması baxımından əhəmiyyətlidir. Bu bacarıqlar isə gələcəyin əmək bazarında bir çox sahələrdə tələb olunacaq.

Bütün bunlar onu göstərir ki, 2030-cu ilin uğurlu gəncləri bu gün kod yazmağı öyrənməyə başlayanlar olacaq. Proqramlaşdırma artıq seçim deyil, bir çox sahələrdə uğur qazanmaq üçün əsas zərurət kimi dəyərləndirilir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et