Bu gün:

Zelenski: Liderlər səviyyəsində görüşlərə keçməyi təklif edirik


Ukrayna Prezidenti Volodimir Zelenski, müharibənin sona çatdırılması üçün texniki danışıqlardan liderlər səviyyəsində görüşlərə keçid edilməsinə çağırış edib.

Zelenski bu barədə Telegram hesabında paylaşım edərək Rusiya Prezidenti Vladimir Putinin danışıqlarla bağlı açıqlamasına münasibət bildirib.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səylər göstərdiyini vurğulayan Zelenski, “Prezident Trampın Rusiyanın müharibəsini və törətdiyi bütün cinayətləri dayandırmaq, şərəfli və davamlı sülh yaratmaq istiqamətindəki cəhdlərini görürük və dəstəkləyirik”– deyə qeyd edib.

Dünyada sülh təşəbbüslərini dəstəkləyən hər kəsə təşəkkür edən Zelenski əlavə edib:

“Rusiyadan bəzi açıqlamalar eşidirik. Əgər bu, müharibəni ədalətli şəkildə bitirməyə, həqiqətən davamlı sülhə nail olmağa ciddi hazırlığın göstəricisidirsə, bu, sadəcə vaxt qazanmaq və sanksiyalardan yayınmaq üçün bir oyun deyilsə, Ukrayna bir daha təsdiqləyir ki, istənilən an liderlər səviyyəsində birbaşa görüşə hazırdır”.

Zelenski əlavə edib ki, Rusiyanın bu müharibəni bitirmək üçün məsuliyyət daşıyan şəxsləri bəllidir və bütün dünya bunu anlayır:

“Texniki səviyyədə aparılan danışıqlardan liderlər arasında birbaşa görüş mərhələsinə keçmək lazımdır. Bunu ABŞ təklif edib, Ukrayna isə bu təşəbbüsə dəstək verib. İndi isə Rusiya buna hazır olmalıdır”.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et