İyul ayında ABŞ-də qeyri-kənd təsərrüfatı sektorunda işə qəbul gözləntilərin altında qalıb və yalnız 73 min yeni iş yeri yaradılıb. Bu göstərici iqtisadçıların proqnozlaşdırdığı rəqəmlərdən xeyli aşağıdır və əmək bazarında zəifləmənin başladığını göstərir.

Əlavə olaraq, əvvəlki iki ayın məlumatları da aşağıya doğru yenidən hesablanıb. Belə ki, may və iyun aylarında yaradılan iş yerlərinin ümumi sayı əvvəlki rəqəmlərə nisbətən 258 min azaldılıb. Bu düzəlişlər iqtisadiyyatın işəgötürmə tempində gözləniləndən daha ciddi yavaşlama ilə üzləşdiyini ortaya qoyur.
Analitiklər bildirir ki, iş bazarındakı zəiflik Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti qərarlarına təsir göstərə bilər. İnflyasiyanın hələ də yüksək olduğu bir vaxtda iş yerlərinin azalması iqtisadi artımın daha da ləngiyəcəyi ehtimalını gücləndirir.
Mənbə: The Wall Street Journal
Tərcümə etdi: Rəna Qarayeva
