Bu gün:

"Keçmişdən gələcəyə uzanan, rəqslə yazılmış bir xalq dastanı"


24media.az-ın bugünkü qonağı “Qoçəli” rəqs qrupunun rəhbəri, rejissor və ssenarist Bəxtiyarlı Böyükxanımdır. O, sənətə gəlişi daxil olmaqla, rəqs və teatr sənətinin inkişaf perspektivləri barədə danışıb və gənc sənətçilərə tövsiyələrini verib. 

-Sənətə gəlişiniz necə baş verdi? İlk addımlarınızı necə atdınız?  

İlk sənət addımlarımı musiqi təhsili almaqla atdım, lakin zaman keçdikcə bədən dilinin ahəngi məni daha çox özünə çəkdi. Beləcə, rəqs sənəti həyatımda əsas yer almağa başladı. Bir çox tədbirlərdə və müsabiqələrdə çıxış etmişəm. Sənətə olan sevgim məni daha da irəli apardı və bu yolu teatr rejissorluğu ilə davam etdirdim. Ali təhsilimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr rejissorluğu” fakültəsi üzrə başa vurmuşam. 2010-cu ildən etibarən rəqs müəllimi, eləcə də məktəblərdə rejissor və ssenarist kimi fəaliyyət göstərirəm.

-“Qoçəli” rəqs qrupu necə yarandı?

2010-cu ildən etibarən rəqs müəllimi olaraq “Qoçəli” rəqs qrupunu yaratdıq. Bu adı seçməkdə məqsədimiz keçmişlə gələcək arasında körpü salmaq, milli rəqslərimizi və adətlərimizi qoruyub saxlamaq, onları düzgün şəkildə nəsildən-nəslə ötürməkdir. Çünki “Qoçəli” — keçmişdən gələcəyə uzanan, rəqslə yazılmış bir xalq dastanıdır.

 -Azərbaycan mədəniyyətində rəqs və teatrın gələcəyini necə görürsünüz?  

Azərbaycan mədəniyyətində teatr və rəqsin gələcəyi böyük imkanlarla doludur. Çünki dövlətimizin incəsənətə ayırdığı diqqət və yaradılan imkanlar sayəsində sənətimiz daha da inkişaf edir. Bu çox sevindiricidir ki, istedadlı tələbələrimizə və gənclərimizə yeni-yeni fürsətlər yaradılır. Bakıda teatr həyatı nisbətən aktiv olsa da, bölgələrdə bu sahə zəif inkişaf edib. Yeni mədəniyyət mərkəzlərinin yaradılması və səyyar teatr qruplarının dəstəklənməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.

-Gənc rejissor və sənətçilərə hansı məsləhətləri verərdiniz? 

Böyük sənətkarlarımızın işlərini izləyin, amma mütləq öz baxış bucağınızı formalaşdırın. Öz üzərinizdə daima işləyin. Kiçik səhnələrdən qorxmayın — çünki uğur bir anda gəlmir. Bunun üçün dayanmadan çalışmaq lazımdır. Hər kəsə uğurlar arzulayıram. Hansı sənətdə olmasından asılı olmayaraq, öz sahəsində əziyyət çəkən və çalışan insanların əməyi hər zaman qiymətləndirilsin.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et