Rəqəmsal dövrün yüksəlişi ilə ortaya çıxan ən qabaqcıl texnologiyalardan biri metaversdir. McKinsey & Company-nin verdiyi tərifə görə, metavers – istifadəçilərə reala bənzər təcrübələr təqdim edən, fiziki və rəqəmsal həyatların birləşdiyi, davamlı və 3D formatlı virtual bir məkandır (McKinsey & Company, 2022). Bu texnologiya virtual reallıq (VR), artırılmış reallıq (AR), qarışıq reallıq (MR) və blokçeyn kimi texnologiyalarla işləyir.

Bəs, metavers nədir? Ümumi şəkildə, bu, istifadəçilərin avatarlar vasitəsilə qarşılıqlı əlaqədə olduğu bir-biri ilə bağlı virtual məkanlar şəbəkəsidir. Onun inkişafına milyardlarla investisiya yatıran Meta, Roblox və Epic Games kimi şirkətlər bu sahədə liderlik edirlər.
Bəziləri metaversi “növbəti nəsil internet” (Pew Research Center, 2022) adlandırır. Çünki bu texnologiya əyləncə, təhsil, səhiyyə, ticarət və iş sahələrini köklü şəkildə dəyişmək potensialına malikdir.
Metavers texnologiyasının əsasları:
Metavers, McKinsey tərəfindən müəyyən edilmiş “yeddi texnoloji təməl qat” üzərində qurulub. Bu qatlar metaversin problemsiz işləməsi və reala yaxın təcrübələr təqdim etməsi üçün əsas rol oynayır – məsələn, avatarların insan hərəkətlərini təqlid etməsi və real zamanda qarşılıqlı əlaqənin mümkün olması.
Metaversin virtual aləmlərinin qurulması həm yaradıcılıq, həm də güclü kompüter texnologiyalarının vəhdətini tələb edir. Bu aləmlərin əsasını Unity və Unreal Engine kimi oyun motorları təşkil edir. Bu motorlar Fortnite və Roblox kimi oyunlarda da istifadə olunur.

Avatarların real görünməsi üçün 3D modelləşdirmə, animasiya və hərəkət izləmə texnologiyaları tətbiq olunur. Bundan əlavə, şəbəkə infrastrukturu istifadəçilərin gecikməsiz şəkildə bir-biri ilə qarşılıqlı əlaqədə olmasına şərait yaradır. Məsələn, avatarınız bir dostunuza əl yelləyə və ya ona “high five” edə bilər.
Avatarların hərəkətləri isə C#, jаvascript və ya Python kimi proqramlaşdırma dilləri ilə kodlaşdırılır. Son zamanlarda süni intellekt də bu sistemlərə əlavə olunur – məsələn, avatarların insana bənzər reaksiyalar verməsi və yeni məzmunların avtomatik yaradılması.
Metaversin inkişafındakı çətinliklər:
Metavers bir neçə il öncə texnologiya xəbərlərində əsas mövzulardan biri idi. Lakin zaman keçdikcə bəzi texniki və praktiki problemlər ortaya çıxdı və ictimai maraq azaldı. Buna baxmayaraq, metaversin inkişafı səssiz şəkildə davam edir.
Ən böyük maneələrdən biri miqyaslamadır – yəni milyonlarla istifadəçini eyni vaxtda dəstəkləyən güclü infrastrukturun qurulması. Digər problem platformalararası uyğunluqdur (interoperability). Hazırda müxtəlif metavers platformaları ayrı-ayrı işləyir və bu, istifadəçi təcrübəsini məhdudlaşdırır (World Economic Forum, 2023).
Bundan başqa, yüksək keyfiyyətli AR/VR cihazlarının baha olması və hər kəs üçün əlçatan olmaması da rəqəmsal bərabərsizliyə səbəb olur (SpringerLink, 2023). Bu problemlər metaversin geniş yayılması üçün daha çox texnoloji irəliləyiş və standartlaşdırma tələb etdiyini göstərir.
Metavers bu gün necə istifadə olunur?
Çətinliklərə baxmayaraq, metavers bir çox sahədə tətbiq olunmağa başlayıb – xüsusilə əyləncə, ticarət, təhsil və səhiyyə sahələrində.
Əyləncə sahəsində, VRChat, Roblox və Fortnite kimi platformalar istifadəçilərə virtual konsertlərdə iştirak etmək, oyun oynamaq və sosiallaşmaq imkanı verir (SpringerLink, 2023).
Ticarətdə, Nike və Gucci kimi brendlər artıq metaversdə virtual məhsullar təqdim edir, NFT-lər və rəqəmsal moda ilə müştəri cəlbi üçün yeni yollar sınaqdan keçirilir (Forbes, 2022). Həmçinin IKEA, oyun motorları ilə yaradılmış 3D mağaza dizaynları vasitəsilə məhsulların virtual baxışını təmin edir (Accenture, 2023).
Sənaye sahəsində, NVIDIA Omniverse kimi platformalar vasitəsilə müəssisələr “rəqəmsal əkizlər” yaradır – bu texnologiya fabrik və anbarların virtual versiyalarını yaratmağa imkan verir. Beləliklə, şirkətlər fiziki dəyişiklik etmədən əvvəl dizayn və prosesləri sınaqdan keçirə bilirlər.
Təlim və bacarıq artırma sahələrində, səhiyyə, aviasiya və mühəndislik kimi peşələrdə realist virtual mühitlərdə praktiki təcrübə əldə etmək mümkündür.
Təhsildə, virtual sinif otaqları, oyun əsaslı öyrənmə və simulyasiya təlimləri xüsusilə tibbi və mühəndislik fakültələrində geniş tətbiq olunur. Səhiyyədə isə pasiyent maarifləndirilməsi, virtual fizioterapiya və VR əsaslı terapiya seansları istifadə olunur.
Gələcəyə baxış:
Metavers artıq əvvəlki qədər gündəmdə olmasa da, onun inkişafı müxtəlif sahələrdə davam edir. İmmersiv təhsil, rəqəmsal ticarət, sənaye simulyasiyası və virtual səhiyyə kimi sahələrdə tətbiqlər getdikcə genişlənir. Texnologiya inkişaf etdikcə, metaversin gündəlik və peşəkar həyatımızda daha da mühüm rol oynayacağı gözlənilir.
Mənbə: ccamonash.com
Tərcümə etdi: Aysu Əsgərzadə
