Bu gün:

Qəbələdə musiqi bayramı davam edir – Gənc bəstəkarın uğuru


Artıq XIV dəfə keçirilən Beynəlxalq Qəbələ Musiqi Festivalı iyulun 24-dən etibarən musiqisevərləri bir araya gətirib. Bu ilki festival xüsusi bir əhəmiyyət daşıyır, görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli və Müslim Maqomayevin 140 illik yubileylərinə həsr olunub. Möhtəşəm tədbir Heydər Əliyev Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Mədəniyyət Nazirliyi və Gilan Holdinqin birgə təşkilatçılığı ilə baş tutub.

2009-cu ildən bu yana hər yay keçirilən festival bu dəfə də geniş və maraqlı proqramı ilə diqqət çəkir. Səhnədə həm dünya musiqisinin tanınmış simalarının, həm də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Xüsusi vurğulamaq lazımdır ki, proqramda gənc bəstəkarların əsərlərinə də yer verilib. Bu isə gələcəyin musiqiçilərinə verilən böyük dəyərin göstəricisidir.

 Bu dəfə 24Media.az-ın “1 sual – 1 cavab” rubrikasının qonağı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının tələbəsi, gənc və istedadlı bəstəkar Ülvi Hüseynzadədir. Əsəri festivalda səslənən gənc musiqiçi təəssüratlarını bizimlə bölüşüb:

Gənc bəstəkar olaraq əsərinizin belə böyük beynəlxalq festivalda səslənməsi sizə necə təsir bağışladı?

– Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın ən nüfuzlu musiqi festivallarından biridir. Burada təkcə yerli sənətçilər deyil, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər də iştirak edirlər. Festivalın ən gözəl tərəflərindən biri də məhz budur. Bu festivalı mən bir musiqi bayramı adlandırardım. Sevincimizin ucu-bucağı yoxdur. Konsertimiz çox gözəl keçdi və xüsusi maraqla qarşılandı. Müəllif üçün öz əsərini beynəlxalq, nüfuzlu festivalda eşitmək gözəldir, lakin bu çox çalışmaq və daha böyük uğurlara nail olmaq üçün motivasiya olmalıdır. Mən həm Bakı Musiqi Akademiyasının rəhbərliyinə, həm də üzərimdə böyük əməyi olan müəllimim professor Ceyhun Allahverdiyevə bu festivalda iştirak etməyə fürsət yaratdıqları üçün təşəkkür edirəm.

Festivalda fortepiano üçün yazdığım iki prelüd səsləndi. Əsərləri ifa edən isə yenə bizim gənc istedad – Bakı Musiqi Akademiyasının tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureatı Əli Hüseynli idi. Əli professor Fərhad Bədəlbəylinin tələbəsidir. 

Mən xüsusi qeyd etmək istəyirəm ki, Əliyə böyük təşəkkür və alqış düşür. Belə ifaçılarla işləmək müəlliflər üçün əsl şansdır. Deyərdim müəllif və ifaçı arasında olan yaradıcı ünsiyyət özü də ayrıca bir mədəniyyətidir. Bizim Əli ilə yaradıcı ünsiyyətimiz artıq uzun müddətdir ki, davam edir. Eyni zamanda dost kimi də onu tanımağıma çox şadam.

Qeyd edək ki, Ülvi Hüseynzadənin festivalda səslənən fortepiano üçün iki prelüdünün ilk ifası bu il Bakı Musiqi Akademiyasında keçirilən bəstəkarlıq kafedrasının hesabat konsertində baş tutub. Həmin ifanı da gənc pianoçu Əli Hüseynli təqdim edib.


Hazırladı: Ayshannajakh

 

 

Paylaş
Şərh əlavə et