Bu gün:

"Uşaqlar baxışa qurban verilməməlidir"


Uşaqların YouTube və digər platformalarda senzurasız videolara daha çox meyil göstərməsi, cizgi filmlərindən uzaqlaşması son illərdə geniş yayılmış və narahatedici bir tendensiyadır. Bu hal onların psixoloji və sosial inkişafına təsir göstərməklə yanaşı, ailələrin tərbiyə modelini də dəyişməkdədir.

 24media.az'ın bugünkü qonağı sosioloq Lalə Mehralıdır. O, valideyn nəzarətsizliyindən tutmuş, məhrəm görüntülərin paylaşılmasına qədər bir çox vacib məsələlərə aydınlıq gətirib.

Son illərdə uşaqların ənənəvi cizgi filmlərindən uzaqlaşaraq YouTube və digər platformalardakı senzurasız videolara yönəlməsini siz nə ilə əlaqələndirirsiniz?

Bu, birbaşa olaraq azad internetə çıxışın artması və valideyn nəzarətinin zəifləməsi ilə bağlıdır. Əvvəllər uşaqlar yalnız DVD disklər və video kasetlər vasitəsilə nəzarət olunan məzmunlara baxırdılar. Televiziyada yayımlanan cizgi filmləri də senzura altında olurdu. Lakin internetin hər yerə yayılması, xüsusilə pandemiya dövründə onlayn təhsilin tətbiqi və uşaqların smartfonlarla təmin olunması ilə bu nəzarət sistemi dağıldı. Artıq istənilən uşaq, istənilən vaxt, istədiyi kontenti izləyə bilir. Valideynlər ya buna nəzarət edə bilmir, ya da sadəcə etinasız yanaşırlar. Çoxu bu məzmunların uşağın psixologiyasına necə təsir etdiyini belə bilmir.

Uşaqlar bu cür videolardan hansı mənfi və ya müsbət təsirləri ala bilərlər? Senzurasız məzmunlar onların davranışlarına, nitqinə və sosial münasibətlərinə necə təsir edə bilər?

Uşaq kanalının yaradılması məsələsi zamanında əsasən bu məqsədlə həyata keçirilmişdi ki, uşaqlar senzuralı və nəzarət altında olan cizgi filmlərinə baxsınlar. Lakin zaman keçdikcə, kanallara olan təlabat azaldı, çünki azad internetdən istifadə imkanı yarandı. Bu isə uşaqlara istədikləri cizgi filminə sərbəst şəkildə baxmaq imkanı verdi. Nəticədə, uşaqlar üçün demək olar ki, mümkünsüz heç nə qalmadı – onlar istədikləri hər şeyə baxa bilirdilər. Bundan sonra isə artıq bu imkana alışan uşaqları bu azadlıqdan məhrum etmək mümkün olmadı. Beləliklə, sürətli və dinamik sujetləri olan cizgi filmlərinə alışan uşaqlar, əvvəlki ənənəvi və sadə cizgi filmlərinə olan maraqlarını zamanla itirdilər.

Son dövrlərdə ailə üzvlərinin birlikdə çəkildiyi videolar – vloglar, oyunlar və gündəlik həyat görüntüləri – uşaqlar tərəfindən daha çox izlənilir. Sizcə, bu cür videoların ailəvi olması onların izlənməsini təhlükəsiz və uyğun hesab etməyə əsas verirmi?

Mən uşaqların valideynlər tərəfindən videolara çəkilib paylaşılmasının əleyhinəyəm. Bu, uşağın hüquqlarının və şəxsi sərhədlərinin, azadlığının pozulmasıdır. Bir uşaq istəmədiyi şəkildə paylaşılırsa, burada birmənalı olaraq valideyn günahkardır. Valideynlər öz övladlarını ictimai diqqətə təqdim etmək üçün uşaqların duş qəbul etdiyi yerdə, yatarkən, hətta erotik tərzdə hərəkətlər etdirərək, bədən əzələlərini göstərərək video çəkib paylaşırlar. Bunu isə sırf paylaşımları izlənsin deyə edirlər. Bu, olduqca təhlükəlidir və gələcəkdə həmin uşaqlarda ciddi problemlər yarada bilər. Bu cür hallara qarşı maarifləndirici tədbirlər, xəbərdarlıqlar olsa da, çox vaxt bunun təsiri olmur. Əksinə, görüntüləri paylaşılan uşaqların sayı günü gündən çoxalır. Düşünürəm ki, bu cür hallarda valideynlər inzibati və ya hüquqi məsuliyyətə cəlb edilməlidir.

Sizcə bu vəziyyətdə valideynlərin əsas məsuliyyəti nədən ibarətdir? Onlar nəzarəti necə təmin etməlidirlər?

Valideyn heç bir halda övladının görüntüsünü paylaşmamalıdır. Özlərini istədikləri qədər paylaşa bilərlər, amma uşaq bir fərddir və onun məxfiliyi qorunmalıdır. Yetkinlik yaşına çatmayan uşaqların görüntülərinin paylaşılması düzgün deyil. Uşağın məhrəm görüntüsünü paylaşmaq özəl həyatına müdaxilədir. Valideynlər internetdə heç bir şeyin silinmədiyini və hər zaman yayılmaq ehtimalı olduğunu dərk etməlidirlər. Onlar nəzərə almalıdırlar ki, onların uşaqlarının görüntüsü başqa insanların smartfonlarına, kompüterlərinə endirilə bilər. Bir videonun paylaşılması yaydan çıxan oxa bənzəyir. Bu gün dünya təhlükəlidir. Əxlaqi pozğun insanlar, pis niyyətli şəxslər internetdə aktiv şəkildə dolaşırlar. Küçədə gedərkən, oynayarkən, qaçarkən və ya hər hansısa bir şəkildə övladlarımızın videolarını, şəkillərini çəkə bilərlər. Uşaqları onlardan qorumaq üçün ilk addımı valideynlər atmalıdır.

Bu məsələni cəmiyyət səviyyəsində necə həll etmək olar? Təhsil sistemində və ya media siyasətində hansı addımlar atılmalıdır? 

Media və rəqəmsal savadlılıq tədrisi vacibdir. İnsanların əksəriyyətində nə platformaların alqoritmi haqqında, nə də məhrəmiyyət haqqında savadlılıq var. Buna görə də onlar bu mövzuda fərqindəliklərini artırmalıdırlar. Hətta biri küçədə öz videosunu çəkirsə, həmin videoda xəbərsiz görüntüsü yayılan insanların da şikayət etmək hüququ var. Təəssüf ki, bu mövzuda insanların çoxu sinifdə qalır. Sosial media platformalarında zərərli məzmun paylaşanlar artıq qanunla cəzalandırılır və bir çoxu hələ də həbsdədir. Bu ciddi siqnaldır. İnsanlar artıq paylaşdıqları hər şeyin məsuliyyətini daşıdıqlarını anlamalıdırlar.

Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et