Google, Afrika üzrə süni intellekt sahəsində aparılan tədqiqatlara, təlimlərə və innovativ layihələrə dəstək məqsədilə 37 milyon dollarlıq sərmayə qoyacağını açıqlayıb.

“Google”un yaydığı məlumata görə, bu sərmayənin bir hissəsi kimi Qananın paytaxtı Akkrada süni intellekt üzrə bir icma mərkəzi yaradılacaq, yerli startaplara, tədqiqatçılara və dilin inkişafı layihələrinə maliyyə dəstəyi veriləcək.
İnvestisiya çərçivəsində ərzaq təhlükəsizliyinə yönəlmiş süni intellekt üzrə əməkdaşlıq layihələri üçün 25 milyon dollar ayrılacaq. Həmçinin, 40-dan çox Afrika dilində açıq mənbə süni intellekt alətlərinin hazırlanması məqsədilə Masakhane Tədqiqat Fonduna 3 milyon dollar dəstək veriləcək.
Yeniliyi təşviq etmək üçün səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox süni intellekt yönümlü startapa qrant dəstəyi, texniki yardım və məsləhət xidməti göstəriləcək. Bu məqsədlə “katalitik maliyyələşdirmə təşəbbüsü” həyata keçiriləcək.
Qanada 100 min nəfərə “Google”un tam təqaüdlü karyera sertifikatı proqramı çərçivəsində süni intellektin əsasları və kibertəhlükəsizlik də daxil olmaqla müxtəlif texnologiya sahələrində təlimlər veriləcək.
Bundan əlavə, Nigeriya, Keniya, Cənubi Afrika və Qanada süni intellekt üzrə kurikulum hazırlanması, bacarıq təlimləri və onlayn təhlükəsizlik proqramları üçün əlavə olaraq 7 milyon dollar xərclənəcək.
“Google”un bu layihə ilə məqsədi Afrikalı tədqiqatçılar və qeyri-hökumət təşkilatlarının süni intellekt alətlərindən aclığın proqnozlaşdırılması və ərzaq sistemlərinin dayanıqlılığının artırılması kimi sahələrdə istifadə etmələrinə yardım etməkdir.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
