Bu gün:

"ASAN xidmət”in uğurlu modeli BMT tədbirində təqdim olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri ABŞ-ın Nyu York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının baş qərargahında keçirilmiş “Qlobal Cənubda idarəçiliyin gələcəyi üçün bacarıq və yeni yanaşmaların təşviqi” adlı beynəlxalq tədbirdə çıxışla iştirak edib.

24media.az AZƏRTAC-a istinadən bildirir ki, tədbir BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti, Afrika Qiymətləndirmə Mexanizmi və Afrika İctimai İdarəetmə və Menecment Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Forumun əsas məqsədi dövlət xidmətlərinin göstərilməsində innovativ bacarıqların və fərqli düşüncə üsullarının beynəlxalq səviyyədə təbliği, eləcə də Qlobal Cənub ölkələri arasında qarşılıqlı təcrübə paylaşımının gücləndirilməsi olub. Bundan başqa, bu yanaşmalar vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verilməsi tədbirin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib.

Tədbir zamanı iştirakçılara “ASAN xidmət” modelinin uğurları, Dövlət Agentliyinin müxtəlif istiqamətlər üzrə fəaliyyəti və bu sahədə əldə olunan son nəticələr barədə ətraflı məlumat verilib.

Bundan əlavə, cari ilin iyununda Efiopiyada BMT və Afrika İttifaqının təşkilatçılığı ilə keçirilmiş “Dövlət xidmətlərində innovasiyalar” mövzusuna həsr olunmuş Afrika Regional Forumunun əsas məqamları da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfər zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin bölmə rəhbəri ilə keçirilən görüşdə 2023-cü ilin noyabrında imzalanmış Töhfə Sazişi çərçivəsində nəzərdə tutulan fəaliyyət planı müzakirə olunub.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin kabinet işləri nazirinin müavini ilə baş tutan görüşdə iki ölkənin aidiyyəti qurumları arasında mövcud əməkdaşlıq və qarşılıqlı layihələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Səidə Abasova

Paylaş
Şərh əlavə et