Vaqif Poeziya Günləri bu il də sözə, sənətə, yaddaşa səslənib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən ədəbi bayram Şuşada nümayiş olunan “Sözün hökmdarı” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına istinad edərək, 24media.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi, şair və dramaturq İlqar Fəhmidən qələmə alınmış səhnə əsərində görkəmli şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin dövlətçilik və poeziya ilə bağlı həyat yolu təqdim olunub.
Bir sıra tanınmış teatrların aktyor və bədii kollektivlərini bir araya gətirərək hazırlanmış səhnə kompozisiyasında Molla Pənah Vaqifin sələfləri - bir əlində qılınc, bir əlində qələm tutan Qazi Bürhanəddin Əhməd, Qara Yusif, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai və digərləri səhnəyə çıxıb. Onların həm dövlət idarəçiliyində, həm də ədəbiyyat və mədəniyyət sahəsində göstərdikləri xidmətlər vurğulanıb, tarixdə silinməz iz buraxdıqları diqqətə çatdırılıb.
Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin dostluğu isə tamaşanın poetik zirvəsinə çevrilib. “Sözün hökmdarı” tamaşaçılar tərəfindən böyük maraqla izlənib və poeziya gecəsinə dərin emosional qat bəxş edib.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Həmin il Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, elə həmin mərasimdə də onun tapşırığı ilə bu poeziya bayramının hər il keçirilməsinə qərar verilib.
1982-ci ildən etibarən hər il təşkil olunaraq Qazaxdan başlanan və Şuşanın möhtəşəm Cıdır düzündə yekunlaşan bu şeir bayramı, Qarabağın işğalı ilə əlaqədar olaraq 1990-cı illərdə fasilə verib.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Zəfər isə bu gözəl ənənəni dirçəldib və 2021-ci ildən etibarən Vaqif Poeziya Günləri Şuşada daha möhtəşəm şəkildə təşkil olunmağa başlayıb.
Rəna Qarayeva
