Kremlin sözçüsü Dmitriy Peskov, Rusiya və Ukrayna arasında Türkiyənin ev sahibliyi ilə keçirilən üçüncü tur sülh danışıqlarında əldə olunan razılaşmaların mühüm və müsbət olduğunu bildirib.

Peskov İstanbuldakı Çırağan Sarayında jurnalistlərə verdiyi açıqlamada, Rusiya ilə Ukrayna arasında dünən keçirilən sülh danışıqlarını dəyərləndirib.
Müzakirələrdə ən azı 1200 hərbi əsirin qarşılıqlı şəkildə dəyişdirilməsi və cəsədlərin təhvil verilməsi mövzusunda razılığa gəlinməsinə diqqət çəkən Peskov bunları qeyd edib:
“Sülh danışıqlarında irəliləyiş gözləmirdik. Bu, mümkün deyil. Medinski dünən qeyd etdi ki, memorandum layihələri bir-birinə ziddir. Ancaq gündəmə gətirdiyimiz mövzular, yaradıcı və konkret nəticələrə gətirib çıxaracaq məzmunlu işlərin görülməsini tələb edir. Əsirlərin dəyişdirilməsi və cəsədlərin təhvil verilməsi prosesi isə humanitar baxımdan son dərəcə mühüm və müsbət bir hadisədir. Bu mövzu gündəmdə qalmalıdır”.
Peskov həmçinin bildirib ki, Ukrayna tərəfi danışıqlarda liderlərin zirvə görüşünün keçirilməsi məsələsini gündəmə gətirib və bunun üçün bütün zəruri işlərin görülməli olduğunu vurğulayıb.
Qeyd edək ki, dünən Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında üçüncü tur sülh danışıqları keçirilib. Görüşdə Rusiya tərəfi Ukraynaya onlayn formatda işləyəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Həmçinin, ən azı 1200 hərbi əsirin qarşılıqlı şəkildə dəyişdirilməsi və cəsədlərin təhvil verilməsi mövzusunda razılıq əldə olunub.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
