Bu gün:

Ukrayna-Rusiya sülh danışıqları İstanbulda keçiriləcək: İştirakçıların adları müəyyənləşib


Rusiya və Ukrayna, bu gün Türkiyənin ev sahibliyi ilə keçiriləcək üçüncü raund danışıqlarda iştirak edəcək nümayəndə heyətlərini müəyyənləşdiriblər.

2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə İstanbuldakı “Çırağan Sarayında” növbəti müzakirələr keçiriləcək.

Kremlin sözçüsü Dmitri Peskov Rus heyətində dəyişiklik olmadığını bildirib.

Buna əsasən, Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.

Heyətdə həmçinin Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah Hərbi Kəşfiyyat İdarəsinin (GRU) rəhbəri İqor Kostyukov və Müdafiə nazirinin müavini Aleksandr Fomin yer alacaq.

Heyətə daxil olan ekspertlər arasında isə Rusiya Baş Qərargahının İnformasiya İdarəsi rəis müavini Aleksandr Zorin, Prezident Administrasiyasının Humanitar Dövlət Siyasəti İdarəsinin rəis müavini Yelena Podobreyevskaya, Xarici İşlər Nazirliyinin MDB üzrə İkinci Departamentinin direktoru Aleksey Poliçuk və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini Viktor Şevtsov yer alır.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et