
Kanada Baş naziri Mark Karni, ABŞ- Kanadaya tariflər tətbiq etməsi üçün verdiyi müddətin yaxınlaşdığı bir vaxtda, “pis bir razılaşmanı” qəbul etməyəcəklərini və “nə olursa olsun sadəcə bir razılaşma imzalamaq” kimi bir niyyətlərinin olmadığını bildirib.
CBC News-un xəbərinə görə, ABŞ Prezidenti Donald Trampın Kanada məhsullarına 35 faiz gömrük rüsumu tətbiq olunması ilə bağlı 1 avqusta qədər vaxt verməsindən öncə Baş nazir Karni məsələ ilə bağlı dəyərləndirmə aparıb.
Karni deyib: “Kanada hökuməti pis bir razılaşmanı qəbul etməyəcək. Məqsədimiz hər nə bahasına olursa olsun bir razılaşma imzalamaq deyil. Biz kanadalıların mənafeyinə uyğun bir razılaşmanın tərəfdarıyıq”.
ABŞ ilə “mürəkkəb” danışıqların davam etdiyini qeyd edən Karni, münasib bir razılaşma olarsa, onun dəyərləndiriləcəyini bildirib.
Karni əlavə edib ki, ABŞ ilə əldə ediləcək hər hansı yaxşı bir razılaşma Kanada üçün digər ölkələrlə münasibətlərin inkişafına mane olmamalıdır. O, hazırda bir çox dünya lideri ilə ticarət sahəsində danışıqlar apardığını da vurğulayıb.
Kvebek əyalətinin Baş naziri Fransua Leqo isə 1 avqusta qədər ticarət razılaşmasına nail olunub-olunmayacağını deməyin “çətin” olduğunu söyləyib.
Leqo bildirib: “İdeal bir razılaşma istərdik, amma nə edə bilərik? Gərək Donald Trampdan soruşasınız, amma onun da nə istədiyini bildiyindən əmin deyiləm”.
ABŞ Prezidenti Tramp 11 iyulda bəyan etmişdi ki, 1 avqustdan etibarən Kanada məhsullarına sektoral tariflərdən əlavə olaraq 35 faiz gömrük rüsumu tətbiq ediləcək.
Tramp qeyd edib ki, Kanada şirkətləri ABŞ-də istehsal həyata keçirdikləri təqdirdə, onlara heç bir gömrük rüsumu tətbiq olunmayacaq və bu istiqamətdə təsdiqləmə prosedurlarını da sürətləndirəcəklər.
Mənbə: TRT HABER
Tərcümə etdi: Solmaz Muradova
