Bu gün:

Şuşada Xalq yazıçısı Anarın yeni kitabı təqdim olunub


Vaqif Poeziya Günləri çərçivəsində bu gün Şuşa yenidən ədəbiyyat ilə nəfəs alır. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan poeziya bayramı bu dəfə Xalq yazıçısı Anarın yeni kitabının təqdimatına və poeziya saatına ev sahibliyi edib.

Tədbir Şuşanın simvollarından olan Natəvanın evinin qarşısında, tarixin və poeziyanın birləşdiyi məkanda keçirilib. AYB sədri, Xalq yazıçısı Anarın “2=3+4” adlı kitabının təqdimat mərasimi yazıçı Varis Yolçuyevin aparıcılığı ilə baş tutub.

Təqdimatda çıxış edən ədəbi şəxslər: “Qobustan” jurnalının baş redaktoru Pərvin, yazıçı-dramaturq Elçin Hüseynbəyli və tənqidçi Əsəd Cahangir — kitabı iki nəsil ədəbiyyat adamına ehtiramla həsr olunmuş dəyərli bir əsər kimi qiymətləndiriblər. Onlar bu kitabın həm ədəbi, həm də mənəvi miras baxımından böyük töhfə olduğunu vurğulayıblar.

Xalq yazıçısı Anar bu kitabda Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunu bir ədəbi axara qataraq oxucuya Azərbaycan ədəbiyyatının parlaq simalarını yeni baxışla təqdim edib. Kitabın ön sözünü akademik Nizami Cəfərov yazıb, müəllifin şeirləri də nəşrə daxil edilib.

Təqdimatın ardınca poeziya saatı keçirilib. Şair İbrahim İlyaslının təqdimatında baş tutan tədbirdə tanınmış söz adamları: Abuzər Turan, Bəsti Əlibəyli, Xuraman Muradova və digər şairlər öz şeirləri ilə poeziya gecəsinə rəng qatıblar. 

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et