Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən əldə edilən məlumata əsasən, 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Qarabağın mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi təşkil olunub.

24media.az xəbər verir ki, sərgidə iştirak edən qonaqlara Yuxarı Gövhər Ağa məscidi, Ağdam Cümə məscidi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Mehmandarovların malikanə kompleksi və digər önəmli abidələr barədə MEDİA könüllüləri tərəfindən geniş məlumat təqdim edilib.
Bu abidələrin əksəriyyəti işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən orijinal memarlıq üslubu və tarixi xüsusiyyətləri qorunmaqla bərpa və konservasiya olunub. Sərgi ziyarətçilərə Qarabağın qədim və zəngin mədəni irsi, bölgənin tarixi-memarlıq əhəmiyyəti və bu istiqamətdə görülən sistemli tədbirlər barədə əyani tanışlıq imkanı yaradıb.
Arzu Qafarova
