Bu gün:

"Çap mediası dövrün salnaməsini əks etdirən zəngin mənbədir"


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri, professor Vüqar Rəhimzadədir. O, Azərbaycanda medianın və mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və dövlət dəstəyindən bəhs edib.

- Milli Mətbuatımızın 150 ildir var olmasına baxmayaraq, qəzetlərin uzun ömür sürməyəcəyini düşünənlərə nə demək istəyərdiniz?

Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Ulu Öndər Heydər Əliyevin  mətbuata və media  nümayəndələrinə göstərdiyi diqqət və qayğı 2003-cü ildən başlayaraq Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında dayandı.

Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı  “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi tarixi zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə mütərəqqi işlərin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərman azad mətbuatın inkişafına geniş imkanlar açır. 2022-ci ildə  Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan yeni  “Media haqqında” Qanunu təsdiqlədi.

Sözügedən Fərmana əsasən, yaradılan Medianın İnkişafı Agentliyi qısa zaman kəsiyində ölkəmizdə fəaliyyət göstərən və zəruri kriteriyalara cavab verən media subyektlərinin maddi-texniki, eyni zamanda yaradıcılıq imkanlarının daha da təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atır. Həm çap, həm də elektron mediaya maliyyə dəstəyinin göstərilməsi Agentliyin Azərbaycan mətbuatının inkişafına verdiyi əsas töhfələrdəndir. Qurum həm onlayn medianın, həm də çap mediasının qarşılıqlı inkişaf tempini artırıb.

Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini müasir çağırışlara uyğun qurmaqdadır. Çap mediası jurnalistikanın  klassik ənənələrini və prinsiplərini yaşadır və gələcəyə ötürür. Çap mediası dövrün salnaməsini əks etdirən zəngin mənbədir.

Zəkiyyə Əlili

Paylaş
Şərh əlavə et