Bu gün:

ABŞ-nin Suriya üzrə nümayəndəsi: "İsrail parçalanmış Suriyanı üstün tutur"


ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, İsrail bölgədə güclü və mərkəzləşdirilmiş bir Suriya əvəzinə, parçalanmış və zəif bir Suriyanı üstün tutur.

O, Livana səfəri zamanı Associated Press agentliyinə verdiyi müsahibədə qeyd edib ki, İsrail ərəb dövlətlərinin güclənməsini öz təhlükəsizliyinə təhdid kimi görür.

Barrak İsrailin Suriyaya son hava hücumlarını da sərt tənqid edib və bu addımların regionda sabitliyə zərbə vurduğunu deyib. Onun sözlərinə görə, ABŞ bu hücumlara nə razılıq verib, nə də onlarda iştirak edib.

Diplomat Suriyada azlıqların birliyi və yeni müharibə riskinə toxunaraq bildirib ki, vətəndaş müharibəsindən yeni çıxan ölkənin parçalanması təhlükəsi qalmaqdadır. O, Şam rəhbərliyi ilə əməkdaşlıqdan başqa alternativin olmadığını vurğulayıb.

Suriya cənubunda Dürzi və Bədəvi qruplarla hökumət qüvvələri arasında toqquşmaların davam etdiyi, İsrailin isə bu münaqişələr fonunda Dəməşqdə Müdafiə Nazirliyi və Prezident Sarayının yaxınlığındakı hədəfləri bombaladığı bildirilir.

İsrailin hücumlarını “pis zamanlama” adlandıran Barrak, hər iki tərəfi zorakılıqlara görə tənqid edib. O, hazırkı Suriya hökumətinin məhdud imkanlarla etnik və dini qrupları bir arada saxlamağa çalışdığını qeyd edib.

Barrak həmçinin Türkiyənin Suriyaya mümkün hərbi dəstəyi məsələsinə də münasibət bildirib və ABŞ-nin bu cür qərarlara qarışmaq niyyətində olmadığını vurğulayıb.

Türkiyə tərəfi isə İsrailin hava hücumlarını “təxribat” adlandıraraq, tələb olunarsa Suriyaya dəstək verəcəklərini açıqlayıb.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et