“Blasted” adlı ilk tamaşa tabloid jurnalisti Ian və Cate adlı bir qadının Leeds şəhərindəki otel otağına girməsi ilə başlayır. Ian tənqidi münasibət göstərir, sonra silah çıxarır, irqçi ifadələr işlədir və Keytə qarşı cinsi zorakılıq törədir. Bu səhnələr tamaşanın getdikcə daha da dəhşətli hala gələcəyini öncədən xəbər verir və bir çox tamaşaçını sarsıdır.
Tamaşa Londonda Royal Court Upstairs səhnəsində nümayiş olunarkən, “Blasted” Böyük Britaniyada onilliklər ərzində ən çox müzakirə olunan teatr hadisəsinə çevrilib. Amma tənqidçilər sərt münasibət göstərib. Daily Telegrafdan Charles Spencer onu "intellektual və bədii dəyəri olmayan" bir əsər adlandırıb və yazıçının psixoloji durumunu sual altına alıb. Daily Mail-dən Jack Tinker isə tamaşanı “Bu İyrənc Ziyafət” başlığı ilə tənqid edib. Mətbuat onu 23 yaşlı, qadın olması ilə “daha da şokedici” sayılan “azğın bir yeniyetmə” kimi təqdim edib. Lakin illər keçdikcə fikirlər dəyişib. Hətta bəzi tənqidçilər Sarah Kane-dən üzr istəyib. Bu gün o, teatr ədəbiyyatında klassik adlar sırasındadır. Sonuncu əsəri olan və ölümündən öncə yazdığı “4.48 Psixoz” hazırda Royal Shakespeare Company tərəfindən səhnələşdirilir. 1998-ci ildə yazdığı “Cleansed” tamaşası isə 2026-cı ildə Londondakı Almeida Teatrında yenidən tamaşaçılarla görüşəcək. Bu tamaşalar bəzən birmənalı qarşılanmasa da, daim yeni ictimai və siyasi yozumlara yol açır. Amma Kane-in bütün əsərlərinin mərkəzində sevgi ideyasının fəlsəfi izahı dayanır. Professor Graham Saunders deyir: “Blasted-i yazanla “4.48 Psixoz”-u yazan eyni adam olduğuna inanmaq çətindir.” Kane Mark Ravenhill və Patrick Marber kimi müəlliflərlə birlikdə 1990-cı illərdə Britaniya teatrında “üzünə-çırpılan” (in-yer-face) adlanan teatr cərəyanının əsas nümayəndələrindən idi. Bu stil tamaşaçını silkələmək üçün aqressiv və sərt üsullardan istifadə edirdi. “Blasted” tamaşasının ortasında səhnəyə bir əsgər daxil olur və müharibə cinayətlərindən danışır. Tamaşa birbaşa Balkan müharibəsinə toxunmur, əksinə, o müharibə dəhşətlərini teatrın içinə gətirərək onu hiss etdirməyə məcbur edir.
1971-ci ildə Essexdə anadan olan Sarah Kane 17 yaşından etibarən xristian ailə dəyərlərini rədd edib. O, Joy Division, Pixies və Radiohead kimi musiqi qruplarından, Beckett və Pinter kimi müasir dramaturqlardan və klassik dramdan ilham alıb. İkinci tamaşası “Phaedra's Love” 1996-cı ildə səhnəyə qoyuldu və Yunan mifologiyasından götürülən bu hekayəni yeni bir prizmadan, Phaedra-nın oğullu Hippolytusun gözü ilə təqdim edib. Tamaşa ağır tabu mövzuları ilə dolu idi və yenə şok effekti yaradıb. Kane-in pyesləri həm mövzu baxımından, həm də texniki cəhətdən çətindir.
2016-cı ildə Katie Mitchell-in “Cleansed” tamaşasına rəhbərlik etdiyi dövrdə tamaşaçılar arasında bayılanlar və zalı tərk edənlər olub. Amma zorakılıq üzərində fokuslanmaq əsərlərin əsas məğzini gözdən qaçırmaq deməkdir. “Cleansed” bir universitetdə keçir və burada “Tinker” adlı bir şəxs “istənməyənləri” cəmiyyətin içindən “təmizləyir”. Kane bu zalımlığı Roland Barthes-in Sevgilinin Nitqi əsəri ilə müqayisə edərək göstərir ki, sevgi və əzab eyni ölçüdə ağrılı ola bilər. Tamaşada bir səhnədə səhnəni günəbaxan çiçəkləri bürüyür, başqa bir yerdə isə nərgizlər açır. Qaranlıq içində işıq görünür. Onun sonrakı iki əsəri “Crave” (1998) və “4.48 Psixoz” (1999) sevgiyə və ümumiyyətlə həyata olan inancın dağılmasını əks etdirir. Crave əsərində müəllif öz adını belə gizləyib (Marie Kelvedon imzası ilə), çünki adının yaratdığı reaksiya ilə barışa bilməyib. Burada dörd obraz – C, M, B və A – bir-biri ilə poetik şəkildə dialoq qurur. Bu poetika həm sevginin, həm də qəzəbin içində dolaşır.
Obrazlardan biri deyir: “Ölüm mənim sevgilimdir və mənimlə yaşamaq istəyir”. Bu fikir onun son əsəri 4.48 Psixoz ilə üst-üstə düşür. Burada günün ən ümidsiz anı 04:48-də psixi pozğunluq təsvir olunur. Tamaşada heç bir səhnə göstərişi və ya personaj sayı yoxdur. Hazırda Stratford-upon-Avonda səhnələşdirilən bu pyesin rejissoru yenə James Macdonald-dır və 2000-ci il tamaşasındakı üç aktyor – Daniel Evans, Jo McInnes və Madeleine Potter – yenə əsas rollardadır.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
