Bu gün:

Klaviaturada hərflərin “Q” İlə başlamasının səbəbi


Klaviaturalarda hərflərin “Q” hərfi ilə başlamasının səbəbi nə dil qaydaları, nə estetika, nə də istifadəçi rahatlığı ilə bağlıdır. Bu, tamamilə texniki bir zərurət və tarixi təsadüfdən ibarətdir.Hekayə 1870-ci illərdən başlayır. Kristofer Latham Şols adlı bir ixtiraçı ilk kommersiya məqsədli daktilo istehsal etmək qərarına gəlir. Əvvəlcə hərflər əlifba sırasına uyğun yerləşdirilmişdi. Lakin bir problem yaranır: sürətli yazan şəxslər klaviaturadakı düymələrə basarkən, daktilonun içərisindəki mexaniki qollar bir-birinə toxunur və sıxışırdı. Demək olar ki, klaviaturanı yumruqlamadan yazı yazmaq qeyri-mümkün olurdu.

Çarə nə idi? Hərfləri elə şəkildə yerləşdirmək lazım idi ki, yazıda tez-tez işlənən hərflər bir-birinin yanında olmasın və bu da qolların toqquşmasının qarşısını alsın. Məhz bu məntiq əsasında yaranan dizilimin adı bu gün bizim bildiyimiz QWERTY klaviatura sırasıdır.

Yəni “Q” hərfinin əvvəl gəlməsi onun “cəlbedici görünməsi” və ya “əhəmiyyətli hərf” olması ilə bağlı deyil. Sadəcə, soldakı boş yerə uyğun şəkildə yerləşdirilməsi və mexaniki sıxışmaların qarşısını almaq üçün seçilmişdir.

Bəs sonra nə baş verir? Bu düzən Remington daktiloları ilə bazara çıxarılır və geniş yayılır. İnsanlar öyrəşir, on barmaqla yazı yazmağı öyrənir, şirkətlər bu düzəni standartlaşdırır. Daha səmərəli alternativlər (məsələn, türkcə üçün F klaviatura, ingiliscə üçün Dvorak düzümü) ortaya çıxsa da, insanlar artıq öyrəşdiyi düzəni tərk edib yenidən hərfləri əzbərləmək istəmir. Alışqanlıq texnologiyaya qalib gəlir.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et