Bu gün:

Günəş şüalarının baş ağrılarına təsiri araşdırılıb


Yay aylarında günəşli havada çölə çıxmaq bir çox insanlarda baş ağrısına səbəb olur. Bu hal müxtəlif fizioloji mexanizmlərlə izah olunur. Günəş şüalarının intensivliyi, yüksək temperatur və artan rütubət orqanizmdə dəyişikliklərə yol açaraq baş ağrılarını tətikləyə bilər. Xüsusilə miqrenə meyilli insanlarda bu təsir daha da güclənir. Günəş altında yaranan baş ağrısının səbəbi tək bir amillə deyil, bir neçə faktorun birləşməsi ilə izah edilir.

Yüksək hava temperaturu bədəndə maye itkisini sürətləndirir. Əgər bu itki yerinə qoyulmazsa, dehidrasiya yaranır ki, bu da beyinə gedən qan axınının azalmasına və damarların daralmasına səbəb olur. Nəticədə, baş ağrısı meydana çıxır. Susuzluq, eyni zamanda, fiziki zəiflik, diqqət pozğunluğu və yuxu problemləri ilə də müşayiət oluna bilər. Xüsusilə yay aylarında susuzluq hissini gözləmədən su içmək, bədəni birbaşa su ilə dəstəkləmək vacibdir. Gün ərzində kifayət qədər maye qəbul etməyən insanlarda baş ağrıları çox zaman fərqinə varmadan yaşanan susuzluğun nəticəsi olur.

Parlaq günəş işığı da baş ağrısının əsas səbəblərindən biridir. Günəşə birbaşa baxmaq, güclü işıq əkslərinə uzun müddət məruz qalmaq və ultrabənövşəyi şüalar göz ətrafı əzələlərdə və sinirlərdə gərginlik yaradır. Bu yalnız baş ağrısı ilə deyil, həm də miqrenin digər simptomları – işığa qarşı həssaslıq, ürəkbulanma, göz qaralması ilə özünü göstərə bilər. Günəşə qarşı həssas olan insanlarda bu təsirlər çox qısa müddətdə – cəmi 5-10 dəqiqə ərzində başlaya bilər. Bu səbəbdən göz sağlamlığını qorumaq üçün UV filtri olan gün eynəkləri və geniş kənarlı papaqlardan istifadə edilməli, günün ən isti saatlarında birbaşa günəş altında qalmaqdan çəkinmək tövsiyə olunur.

Digər bir yay problemi isə açıq hava ilə kondisionerli mühit arasında yaranan kəskin temperatur dəyişiklikləridir. Bu keçidlər sinüs yollarında təzyiq yaratmaqla baş ağrılarını artırır. Eyni zamanda, kondisionerlərin yaratdığı quru hava tənəffüs yollarını qıcıqlandıraraq sinusların normal fəaliyyətini pozur. Bunun qarşısını almaq üçün kondisionerli məkanlarda hava rütubətini qoruyacaq nəmləndirici cihazlardan və ya buxar üsullarından istifadə tövsiyə edilir.

Yay aylarında isti havaya görə yuxu rejiminin pozulması da baş ağrılarının əsas səbəblərindən biridir. Gec saatlarda yatmaq və ya yuxunun tez-tez bölünməsi ertəsi gün ağrılara gətirib çıxara bilər. Eyni zamanda, artan toz və polen miqdarı allergiyaya meyilli insanlarda burun tutulması ilə yanaşı, dolayı yolla baş ağrılarını da artırır.

Fiziki fəaliyyət də yayda baş ağrılarını artıran əsas amillərdəndir. Xüsusilə açıq havada görülən intensiv iş və ya idman bədən istiliyinin yüksəlməsinə və əzələlərin, xüsusilə də boyun və gicgah nahiyəsinin gərginləşməsinə səbəb olur. Bu isə gərginlik tipli baş ağrılarının yaranmasına zəmin yaradır.

Nəticə etibarilə, yay aylarında baş ağrılarından qorunmaq üçün bədən mayesinin balansda saxlanması, birbaşa günəş şüalarından qorunma, temperatur keçidlərindən yayınma, kifayət qədər yuxu alma və fiziki fəaliyyətin düzgün tənzimlənməsi tövsiyə olunur.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et