Bu gün:

Yayda oxunmalı olan kitablar


İstər çimərlikdə iki həftəlik tətildə ol, istərsə də sadəcə axşam saatlarının uzunluğundan istifadə edərək bağçada və ya yerli parkda dincəl, yay günləri bizə yaxşı bir kitabın içində itib-batmaq istəyi gətirir. Xoşbəxtlikdən, bu il seçim üçün çox kitab var.

1. Linea Maja Ernst – “Waist Deep” (Belədək)

Danimarkada böyük satış rekordları qıran bu roman artıq 10 dilə, o cümlədən, ingilis dilinə tərcümə olunub (tərcüməçi: Sherilyn Nicolette Hellberg). Hekayədə 30 yaşlarına çatmış universitet dostları yay tətili üçün kənd evində bir araya gəlirlər. Əvvəlcə bu günlər üzmək, günəş vannası və istirahətlə keçir, amma zamanla son 10 ildə verilən qərarlar və yaşanmayan həyatlarla bağlı narahat özünüaraşdırma başlayır. Vogue bu duyğusal kitabı “tipik millennial romanı” adlandırıb və tez-tez Sally Rooney-nin əsərləri ilə müqayisə olunur. Günəşli mühiti və ədəbi atmosferi ilə yay üçün mükəmməldir.

2. Florence Knapp – “The Names” (Adlar)

Bu il haqqında ən çox danışılan debüt romanlardan biri olan The Names, adların taleyimizi necə müəyyənləşdirdiyi barədə “Sliding Doors” tipli bir hekayədir. Cora ikinci övladının doğum qeydiyyatına gedərkən, üç ad seçimi var: biri özü, biri əri, biri isə qızından gəlir. Hər seçim hekayəni başqa bir istiqamətə aparır və ani qərarların bütün həyatı necə dəyişə biləcəyini göstərir. Mövzu ağırdır – ailədaxili zorakılıq, amma üslub yüngüldür. Knapp bu üç hekayəni ümid və dəhşət dolu şəkildə ustalıqla birləşdirir.

3. Vincent Latronico – “Perfection” (Mükəmməllik)

Cəmi 120 səhifəlik bu roman yüngül çantalar üçün idealdır, amma bu il ən çox müzakirə edilən kitablardan biridir. Sophie Hughes tərəfindən italyancadan tərcümə olunub. Hekayə Berlində yaşayan və işləyən bir ekspat millennial cütlük haqqındadır. Hər şeyləri – art nouveau mənzillərindəki bitkilərdən vinil kolleksiyasına qədər incəliklə seçilib. Hər şey xaricdən mükəmməl görünür, xüsusilə, internetdə. Amma estetikaya üstünlük verilən həyatın daxili boşluğu ilə bağlı narahatlıq hissi tədricən artır. Bu qısa, iti satira, səni hovuz kənarındakı selfini paylaşmadan əvvəl bir daha düşündürə bilər.

4. Taylor Jenkins Reid – “Atmosphere” (Atmosfer)

Daisy Jones & The Six və The Seven Husbands of Evelyn Hugo kimi retro mövzulu və emosional sevgi hekayələri ilə tanınan Reid bu dəfə oxucunu 1980-ci illərdəki NASA kosmik proqramına aparır. Əsərin baş qəhrəmanı Joan bu proqramda yer alan ilk qadınlardan biridir və həm Missiya İdarəetməsində, həm də digər astronavtlarla münasibətlərdə böyük çətinliklərlə qarşılaşır. Reid-in doqquzuncu romanı, yayı hiss etdirmək üçün qəsdən bu fəsildə çap edilib.

5. Susan Choi – “Flashlight” (Fənər)

Choi-nin əvvəlki romanı Trust Exercise böyük uğur qazanıb, Milli Kitab Mükafatı alıb və hətta Barack Obama-nın favorit siyahısında yer alıb. Onun yeni romanı isə nəsil hekayəsi ilə sirli trilleri birləşdirir. Müxtəlif dövrləri və ölkələri əhatə edən bu hekayə, Amerika ağ bir ana, Yaponiyada doğulan koreyalı ata və onların qarışıq irqli qızının gözü ilə danışılır. Bir itkin hadisəsi ilə başlayan roman daha da genişlənir və oxucunu tam mənada özünə çəkir.

6. Jess Walter – “So Far Gone” (Çox Uzaqda)

Beautiful Ruins ilə məşhurlaşan Walter bu dəfə daha az cazibədar, lakin maraqlı bir mövzu ilə çıxış edir. Ətraf mühit jurnalistliyi ilə məşğul olan, artıq təqaüddə olan bir kişi müasir həyatdan qaçmaq üçün kənddəki rançosuna çəkilir. Lakin qızı itkin düşdükdə və nəvələri oğurlandıqda, o, yenidən real həyata dönməyə məcbur olur. Beləliklə, Amerikada konspirasiya nəzəriyyələri ilə dolu gülməli bir yol səfəri başlayır.

7. Wendy Erskine – “The Benefactors” (Himayədarlar)

İki hekayə toplusu ilə tanınan Erskine ilk romanında Şimali İrlandiyada yaşayan üç ananı mərkəzə alır. Onların oğulları cinsi təcavüzdə ittiham olunanda həyatları bir-birinə bağlanır. Amma roman yalnız bu üç qadından ibarət deyil, geniş personajlar sayəsində müasir Belfastın canlı təsviri yaranır. The Times yazır: “Woolf-un üslubu, Dickens-in qəlbi”. Bu əsər sinif, travma və razılıq mövzularına toxunur.

8. Nussaibah Younis – “Fundamentally” (Əsasən)

Women's Prize mükafatını almasada, bu roman il ərzində ən çox tərif alıb debütlərdən biridir. Əsər bir britaniyalı akademikin İŞİD gəlinlərini radikallaşmadan xilas etməyə çalışmasından bəhs edir. Mövzu ciddi görünsə də, yazı üslubu əksinə, gülməlidir. Müəllif Younis beynəlxalq münasibətlər sahəsində illərlə çalışıb və hətta bu kitabdan əvvəl stand-up komediya kursuna qatılıb. Onun məqsədi oxucunu əyləndirmək idi və o buna nail olub.

9. Jonas Hassen Khemiri – “The Sisters” (Bacılar)

Yay istirahətində qalın roman oxumaq istəyənlər üçün bu 700 səhifəlik əsər ideal seçimdir. İsveçli müəllifin altıncı romanı olan bu əsər eyni zamanda onun ingiliscə yazdığı ilk romandır (sonra İsveç dilində yenidən yazıb). Hekayə üç bacının üç qitədə və üç onillikdə baş verən həyatlarını izləyir. Altı hissədən ibarət olan romanın hər hissəsi getdikcə daha qısa zaman aralığını əhatə edir, bir ildən bir günə, bir dəqiqəyə qədər. Yay üçün dərin və təsirli bir oxu təcrübəsi.

10. Rob Franklin – “Great Black Hope” (Böyük Qara Ümid)

Nyu-York sosial həyatı fonunda yazılan bu debüt romanı oxucuya şəhərdəki isti yay günlərini yaşadır. Lakin bu, sadəcə əyləncə ilə dolu bir hekayə deyil. Əsərin qəhrəmanı David Smith, queer və qaradərili bir Stanford məzunudur. Gələcəyi parlaq görünür, amma otaq yoldaşının qəfil ölümü və Hamptonsdakı bir partidə kokainlə yaxalanması ilə həyatında hər şey dağılmağa başlayır. Bu “growing-up” hekayəsi sərvət və irq, dostluq, kədər və şəxsiyyət mövzularını araşdırır. Vanity Fair bu əsəri belə təqdim edir: “Bu yayı Hamptonsdakı hər şezlongun üstündə görəcəyiniz roman budur.”

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et