Bu gün:

Teleradio Akademiyasında bir sıra yeniliklər olacaq


"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC nəzdindəki Teleradio Akademiyasında rektor vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Almaz Mahmud (Nəsibova) təsdiqlənib.24media.az olaraq Akademiyanın gələcək fəaliyyəti ilə bağlı Almaz Mahmuda suallar ünvanladıq:

– Almaz xanım, yeni vəzifəyə təyinatınız münasibətilə təbrik edirik. Bu təyinat sizi necə hiss etdirir?

İlk olaraq məsuliyyət hissi. Məndən əvvəl Etibar Babayev, Faiq Hüsiyev və Telli Pənahqızı kimi tanınmış telejurnalistlər Teleradio Akademiyasının rektoru olublar. Onlar ölkəmizdə  kifayət qədər nüfuza sahib televiziya  insanlarıdır. Akademiyada əsas sahələr telejurnalistika ilə yanaşı rejissorluq, operatorluq və montaj üzrə olub və bu belə də davam edəcək. Və sözsüz ki, əlavələr də olacaq.  

İnanın, bu gün mənə hər dəfə zəng edib təbrik edən həmkarlarımın, başqa sahənin adamlarının ilk sözləri bu olur: “Biz yenilik, fərqlilik gözləyirik".  AZTV rəhbərliyi mənə etdimad göstərib və bu məsuliyyəti daha da artırır. 

Ümumiyyətlə, yüksək terxnologiyalar sayəsində yeniliklər sürətlə baş verir və görürsən ki, onunla ayaqlaşmaq elə də asan deyil. Həm fiziki, həm də bilik gücün buna imkan verməlidir. 

–Teleradio Akademiyasında hansı yenilikləri planlaşdırırsınız?

-Yeniliklər, təkmilləşmə, format dəyişikliyi, inşallah ki, olmalıdır. Hələ konkret nələr edəcəyimizi indidən demək çətindir. Çünki işə başlayanda daha dəqiq biləcəyik ki, perspektivdə nələr var. Hələ ki, AzTv-nin rəsmi saytı çərçivəsində Teleradio Akademiyasının saytını yaratmağı düşünürük. Akademiya ilə maraqlananlar, gəlmək istəyənlər sayta baxanda burdakı tədrisin, trenininqlərin hansı səviyyyədə, kimlər tərəfindən keçirildiyini görəcəklər. Sosial medianın fəaliyyətini daha da aktivləşdirəcəyik. Mütəxəssislər dəvət etmək istəyirik. Ən əsası, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq etmək niyyətindəyik. Eyni zamanda, ustad dərsləri keçirməyi düşünürük. Peşəkar jurnalistlərlə də müdavimləri görüşdürəcəyik. 

Bundan əlavə, beynəlxalq mütəxəssislərlə əməkdaşlıq planımız da var, onlayn təlimlərə də üstünlük verəcəyik.

Jurnalistika, xüsusilə də telejurnalistika dayanmadan inkişaf edir. Bu səbəbdən çalışacağıq ki, tədrisə kənardan mütəxəssislər cəlb edək.

Akademiyanın fəaliyyəti nəticəsində yaranacaq “Kadr bankı” gələcəkdə təkcə öz kanalımızda deyil, digər media qurumlarında çalışa biləcəklər. Yeni kadrlar yetişdirməliyik. Bunun üçün isə yaxşı tədris sistemi qurulmalıdır ki, güclü tələbələri cəlb edə bilək.

Almaz Mahmud bundan əvvəl Teleradio Akademiyasının prorektoru vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktorudur. 20-yə yaxın beynəlxalq və yerli elmi jurnallarda dərc olunan  məqalələrin, eyni zamanda “Media savadlılığı jurnalistlər üçün” adlı kitabın müəllifidir.

24media.az olaraq A.Mahmudu bir daha təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.


Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et