Bu gün:

Cənubi Koreyanın sabiq prezidenti hərbi vəziyyətlə bağlı yeni ittihamlarla üzləşir


Cənubi Koreyanın impiçment olunmuş sabiq prezidenti Yun Suk Yol hərbi vəziyyət elan etməsi ilə bağlı yeni cinayət ittihamları ilə üzləşir. O, vəzifə səlahiyyətlərini aşmaq və rəsmi sənədləri saxtalaşdırmaq ittihamları ilə Seul Mərkəzi Rayon Məhkəməsinə təqdim edilib.Yeni ittihamlar Yunun istintaq təcridxanasında ən azı altı ay müddətində saxlanılmasına səbəb olacaq. Onun barəsində həbs qətimkan tədbiri ötən həftə Seul məhkəməsi tərəfindən təsdiqlənib. İstintaqa prezident Li Cae Myunun təyin etdiyi müstəqil prokuror Co Eun Suk rəhbərlik edir.

İstintaq qrupunun məlumatına görə, Yun 2024-cü il 3 dekabr tarixində fövqəladə şəkildə hərbi vəziyyət elan edərkən yalnız seçilmiş bir neçə naziri toplayıb. Halbuki qanunvericiliyə əsasən belə bir qərar üçün bütün Nazirlər Kabinetinin təsdiqi tələb olunur.

Bundan əlavə, Yun rəsmi sənədlərdə saxtakarlıq edərək guya prosedurların düzgün icra olunduğunu göstərməyə çalışıb. Daha sonra həmin sənədləri məhv etdiyi bildirilir.

Daha əvvəl Yun dövlət çevrilişinə cəhd, orduya və polislərə qanunsuz əmr vermək və digər cinayətlərə görə ölüm cəzası və ya ömürlük həbs riski daşıyan ittihamlarla istintaqa cəlb olunub.

Aprel ayında keçirilən növbədənkənar seçkilərdə Demokrat Partiyasının keçmiş lideri Li Cae Myun prezident seçildikdən sonra Yun və onun həyat yoldaşı ilə bağlı cinayət işlərinin yenidən araşdırılması üçün müstəqil istintaq başladıb.

Prokurorluq Yun Suk Yolun ordunu və polisi qanunsuz şəkildə siyasi məqsədlərlə istifadə etdiyini sübut etməyə çalışır.

Mənbə: AP

Tərcümə edən: Nəzakət Nəsibli

Paylaş
Şərh əlavə et