Volfqanq Amadey Motsart... Musiqi tarixinin ən parlaq adlarından biridir. Onun bəstələri bu gün də dünyanın hər yerində səslənir. Amma çox az adam bilir ki, bu dahi sənətkar səhnədə olduğu qədər oyun masalarında da fəal olub.

Xüsusilə kart oyunları, boulinq, tilov və o dövrün məşhur salon əyləncələri Motsart üçün adi bir hal idi.
Bacısının gündəliklərindən və məktublardan əldə edilən məlumatlara əsasən, Motsart uşaq yaşlarından oyun mühitində böyüyüb. Hər bazar günü ailəsi ilə birlikdə oyunlar oynayır, qışda isə xizəyə çıxırdılar. Axşamlar isə kart oyunları keçirilir və simvolik məbləğlər mərc qoyulurdu.
Maraqlıdır ki, Zalsburqda 20 kreytserdən (təxminən 1 dollar) artıq mərc qadağan idi. Lakin buna baxmayaraq, “faraon” kimi təhlükəli qumar oyunları zadəganlar və saray çevrəsində gizli şəkildə oynanılıb. Motsartın da bu oyunlara cəlb olunub-olunmaması müasir tədqiqatçıların diqqətində olan əsas suallardandır.
Bəstəkarın borcları da bu maraq dairəsinin nəticəsi ola bilərmi?
Məlumdur ki, Motsart Vyanaya köçdüyü zaman artıq borc içində idi və burada da qazancından çox xərcləyərək daha da çıxılmaz vəziyyətə düşmüşdü. Ölümündən cəmi dörd həftə sonra onun borclu olduğu şəxs arvadı Konstansaya məktub yazaraq ödəniş tələb edib.
Araşdırmalar göstərir ki, Motsart lotereya biletləri alır, zəngin tanışlarının kart masalarında iştirak edib. Lakin sənədlər onu da sübut edir ki, o, nə kart, nə də bilyardda bacarıqlı oyunçu olmayıb. Bütün bunlar isə onu daim uduzan və borc içində boğulan bir oyunçuya çevirib.
Motsartın mason Mixaylo Puxberqə yazdığı məktubda “söhbət mənim şərəfimdən gedir” ifadəsi bəstəkarın qumar borcları və şəxsi narahatlığının sübutu sayıla bilər.
Bəs bütün bu oyun ehtirası onun musiqisinə necə təsir edib? Birbaşa sübutlar azdır, amma bəzi notlarda lotereya nömrələrinə bənzər qeydlərə rast gəlinib. Ola bilər ki, oyunlar Motsart üçün bir növ istirahət, zehni rahatlama vasitəsi olub. Yaradıcılıq enerjisini bəlkə də bu şəkildə bərpa edib.
Görünür, musiqi dahisinin həyatında səhnədənkənar oyunlar heç də az yer tutmayıb. Bu tərəfi ilə Motsart daha insani görünür – sadəcə dahi deyil, zəiflikləri, həvəs və ehtirasları olan bir insan.
Sonda bunu da qeyd edək ki, dahi bəstəkarın masa oyunlarına, bahalı həyata olan bu marağı onun ölümündən sonra təxminən 120 min dollar borc qoyub getməsinə səbəb olub.
Hazırladı: Ayshannajakh
