2024-cü il dekabrın 8-də Suriyada 61 illik BƏƏS rejimi sona çatıb, HTŞ lideri Əhməd Şara müvəqqəti dövlət başçısı olub. Yeni hökumət vahid ordu yaratmağa çalışsa da, ölkədə parçalanma və etimadsızlıq davam edir.
Şimal-şərqdə kürdlərin üstünlük təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə Şam arasında aparılan danışıqlarda nəticə əldə olunmur. Cənubda isə druzilər öz milis qüvvələrini formalaşdırıb və yeni ordunu bölgələrində qəbul etmirlər. Ələvi icması isə mart ayında onlara edilən hücumların Şam tərəfindən dəstəkləndiyini düşünərək, mövcud hökumətə inanmır.
Müxtəlif bölgələrdə qarşıdurmalar, nəticəsiz qalan danışıqlar və HTŞ mərkəzli hökumətə etimadsızlıq Suriyanın yenidən vətəndaş müharibəsinə sürüklənə biləcəyi ehtimalını gücləndirir.
Yaxın Şərq üzrə analitik Əhməd Şaravi hesab edir ki, Suriyada vətəndaş müharibəsi yalnız forma dəyişib və əslində davam edir:
“Əsəd devrildikdə çoxları müharibənin bitdiyini düşünüb, amma məncə sadəcə yeni bir mərhələyə keçib, ”– deyə o bildirib.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Helin Sarı Ərtəm isə ölkədəki qarışıqlığın gözlənilən olduğunu deyir: “13 ildən artıq davam edən bir münaqişədən sonra qısa müddətdə güvən və uyğunlaşma gözləmək real deyil,” – deyə o qeyd edir.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
