Bu gün:

“Tamaşaçı qarşısında olan məsuliyyətdən daha böyük məsuliyyət ola bilməz” - rejissor Ramin Hacıyevlə MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi Azərbaycanın əməkdar mədəniyyət işçisi, aktyor, ssenarist, rejissor Ramin Hacıyevdir.

İlk rejissor işinizlə bağlı təəssüratlarınızı bölüşə bilərsinizmi?

- İlk rejissorluq işim bir az uzağa gedib çıxır, haradasa 2000-ci illərə, akademiyanı bitirdiyim zamanlara. O vaxtlar komediya çəkmirdim, amma komediya ssenarisi yazırdım və mənim üçün unudulmaz, "Qonşular" serialı idi. Rejissorluqla bağlı ilk təəssüratım budur.

Azərbaycanlı rejissorlardan kimlərin işini bəyənirsiniz?

- Azərbaycanlı rejissorların hamısının işini bəyənirəm. Hərə özünəməxsus nəsə çəkir və hər biri də istəyir ki, gözəl bir iş ərsəyə gətirsin. Yəni kimisə bəyənməmək onun əməyinə qiymət verməməkdir. Ona görə də işləmək lazımdır ki, ortada rəqabət olsun.

 Uşaqlıq xəyalınız nə idi? Onu reallaşdıra bilmisinizmi?

- Uşaqlıqda  "Santa-Barbara" və s. seriallara baxmışıq. Elə o vaxtdan da ya orada iştirak etmək, ya da rejissor olmaq istəmişik. Mənim də arzum rejissor olmaq idi. 

Xəzər TV-də yayımlanan "Kinomen" verilişində özünüzü dram janrında görmədiyinizi demisiniz. Buna səbəb nədir?

- Bir söz var: "Heç vaxt "heç vaxt" demə". Mən o sözü özümə demişdim, amma, inşallah, bu mövsümdən dram janrında serial çəkirəm.

 Sizcə, rejissor fəaliyyətinizdə ən uğurlu işiniz hansıdır?

- Deməzdim ki, mənim uğurlu işim olmayıb. Uğurlu işlərim davam edir. Qazandığım uğurlardan da daha yaxşı uğurlara imza atmaq istəyirəm.

İşlə bağlı başınıza gələn ən maraqlı hadisəni bölüşə bilərsinizmi?

- Açığı, işdə çox hadisələr başımıza gəlir, amma hər dəfə yada salmaq olmur.

 Bu sənətin çətinliklərindən bəhs edə bilərsinizmi?

- Bu sənətin ən çətin cəhəti məsuliyyətdir. Tamaşaçı qarşısında olan məsuliyyətdən daha böyük məsuliyyət ola bilməz.

Azərbaycanda komediya janrında çəkilən film və seriallarda çatışmayan nədir?

- Azərbaycan kino sənətinin, SSRİ dövrünü saymasaq, haradasa 30 yaşı var. 30 il çox böyük nailiyyətlərdən ötrü elə də böyük deyil. Ona görə də komediya janrında çəkilən bütün filmlər və serialların, təbii ki, nöqsanları var. Amma işlədikcə, irəlilədikcə bu nöqsanlar aradan qaldırılır.

Fəaliyyətinizə Azərbaycandan kənarda davam etməyi düşünürsünüzmü?

- Əlbəttə ki, Azərbaycandan kənarda da fəaliyyətimi davam etdirmək istəyərdim. Maraqlı bir layihə, təklif olsa və yaxud bir iş tapsaq böyük məmnuniyyətlə orada da davam etmək istəyərdim.

 Aktyor, rejissor, yoxsa ssenarist? Özünüzü hansı sahədə daha uğurlu hesab edirsiniz?

-Aktyor olmuşam, amma ona aktyorluq deməzdim. Sadəcə daxilimdə olan enerjini aktyorluq kimi də sınamışam. İndi də ssenaristəm. Düşünürəm ki, bu sahədə elə ən uğurlu işlərim rejissorluqla bağlıdır.


Rəqsanə İbrahimzadə

Paylaş
Şərh əlavə et