Dünyanın gündəmində bu görüntülər dayanır. Coldplay-in Boston şəhərində baş tutan konsertində 1,3 milyard dollar dəyərində olan "Astronomer" texnologiya şirkətinin baş icraçı direktoru (CEO) Endi Bayron və insan resursları şöbəsinin müdiri Kristin Kabotun səmimi görüntüləri gündəmə düşüb. Kadrlarda onların bir-birini qucaqladığı, daha sonra isə kameranı fərq edərək üzlərini gizlətməyə çalışdıqları aydın görünür. Hər iki şəxsin evli olduğu məlum olduqdan sonra məsələ ciddi qalmaqala çevrilib və görüntülər sosial mediada sürətlə yayılıb.
Şirkətdən rəsmi açıqlama:

Hadisədən sonra "Astronomer" şirkəti rəsmi açıqlama yayaraq hər iki şəxsin vəzifədən azad edildiyini bildirib. Şirkət 18 iyul tarixində başladılan daxili araşdırma çərçivəsində rəhbərlik heyətinə aid şəxslərin davranış və məsuliyyət baxımından nümunə olmalı olduqlarını vurğulayıb. Açıqlamada aşağıdakı fikirlər yer alıb:
"Astronomer olaraq təsisimizdən bəri rəhbər tutduğumuz dəyərlərə və təşkilati mədəniyyətimizə sadiqik. Liderlərimizdən həm davranış, həm də hesabatlılıq baxımından yüksək standartlara əməl etmələri gözlənilir. İdarə heyətimiz bu məsələ ilə bağlı rəsmi araşdırma başladıb və yaxın günlərdə əlavə təfərrüatlar ictimaiyyətlə paylaşılacaq. Alyssa Stoddard tədbirdə iştirak etməyib və videoda heç bir digər əməkdaş yer almır. Endi Bayron bu mövzu ilə bağlı heç bir açıqlama verməyib. Əksini iddia edən xəbərlər əsassızdır".
Rəhbərlik dəyişir:
Şirkət LinkedIn platforması üzərindən etdiyi paylaşımda CEO Endi Bayronun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Şirkət sözügedən paylaşımda şərh bölməsini bağlayıb.
NY Times qəzetinin əldə etdiyi məlumata əsasən, şirkətə yaxın mənbələr insan resursları müdiri Kristin Kabotun da işdən çıxarıldığını bildiriblər. Mənbələr rəhbərliyin qərar verməkdə ləng davranmasının səbəbi kimi Bayronun istefasını gecikdirməsi və təzminatla bağlı danışıqların uzanmasını göstəriblər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
