Bu gün:

Beynin yuxu zamanı formalaşdırdığı şüur


Yuxular insan beyninin ən maraqlı və hələ də tam başa düşülməyən təzahürlərindən biridir. İnsan yuxu zamanı xarici aləmlə əlaqəsini itirsə də, beyin bu müddətdə tam bir daxili dünya yaradır. Bu dünya əksər hallarda rəngli, hərəkətli və real həyatda rast gəlinən obrazlarla zəngin olur.

 İnsanlar yuxuda insanları, məkanları, hadisələri görür, danışır, hətta duyğular keçirirlər. Bu baxımdan yuxular bəzən o qədər reallığa bənzəyir ki, insan ayılandan sonra bir müddət yuxu ilə reallıq arasındakı fərqi ayırd edə bilmir.

Aparılan neyrofizioloji araşdırmalar göstərir ki, yuxular əsasən REM (sürətli göz hərəkətləri) fazasında yaranır. Bu fazada beynin görmə, emosional və yaddaşla bağlı hissələri yüksək aktivlik göstərir. REM yuxusu zamanı beynin fəaliyyəti ilə ayıq vaxtdakı beyin fəaliyyəti arasında müəyyən oxşarlıqlar müşahidə olunur. Bu da yuxuların vizual və emosional cəhətdən niyə bu qədər real hiss edildiyini izah edir.

Yuxuların məzmununu əvvəlcədən proqnozlaşdırmaq çətindir, çünki onları birbaşa müşahidə etmək mümkün deyil. Əksər hallarda insan oyandıqdan sonra gördüyü yuxunu xatırlayaraq paylaşır. Lakin yaddaş pozuntusu, emosional senzura və ifadə çətinlikləri səbəbilə bu cür təsvirlər hər zaman dəqiq olmur. Bununla belə, bəzi insanlar yuxunu daha çox və daha aydın şəkildə xatırlayırlar, bu da fərdi beyin strukturlarına və yuxu fazası zamanı oyanmağa bağlıdır.

Yuxuların yalnız REM yuxusunda deyil, bəzən dərin (NREM) yuxu fazalarında da baş verdiyi müəyyən olunub. Bu isə göstərir ki, yuxu beyin üçün bir növ şüurlu fəaliyyət formasına çevrilə bilər. Hətta bəzi hallarda bu yuxular REM-dəkilər qədər vizual və məntiqli olur.

Yuxular insan beyninin öz-özünə necə kompleks və mənalı təcrübələr yarada bildiyini göstərir. Onlar təkcə təsadüfi beyin siqnalları deyil, əksinə beynin quruluşu və funksiyası ilə sıx bağlı olan daxili reallıqlardır. Yuxuları başa düşmək, həm şüurun təbiətini anlamağa, həm də beynin işləmə mexanizmlərinə dair dərin bilik əldə etməyə imkan verir.

Mənbə: National İnstitutes of Health

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et