Bu gün:

"Rəqəmsal yorğunluq hər yaşda özünü göstərir"



24Media.az'ın budəfəki qonağı klinik psixoloq Fuad Əsədovdur. O, rəqəmsal yorğunluqdan danışıb.

-Rəqəmsal yorğunluq nədir və neçə yaşdan başlayır?

Rəqəmsal yorğunluq cihazlarla çox vaxt keçirmək nəticəsində yaranan psixoloji yorğunluq halıdır və bütün psixoloji narahatlıqlar kimi rəqəmsal yorğunluğun da bədəndə bariz şəkildə hiss edilən simptomları  baş verir.

Gözlərin yorğunluğu, baş ağrısı və əzələ ağrısı kimi narahatlıqlar meydana gəlir. Bundan əlavə, diqqət əskikliyi, motivasiya azlığı, əsəbilik, səbirsizlik və s. hallar da müşahidə olunur. Təbii ki, bu, ilk növbədə insanın fiziki və psixi sağlamlığına, həmçinin onun gündəlik həyatına, şəxsi və iş münasibətlərinə mənfi təsir göstərir.

Rəqəmsal yorğunluq müasir dövrdə hər yaş qrupunda müşahidə oluna bilir. Müasir dövrün tendensiyaları elədir ki, hər yaşdan insanlar sosial mediadan və ya kompüter proqramlarından, telefon və planşetlərdən istifadə edirlər. Bu gün baxsaq, görərik ki, bu yorğunluğa 1-ci, 2-ci sinif şagirdlərində, hətta məktəbəqədər yaş dövründə olan uşaqlarda belə rast gəlinir. Çünki onlar da planşet, kompüter, telefon kimi cihazlardan istifadə edirlər.

Maraqlı bir nüans da var. Əvvəllər deyirdik ki, uşaqları və yeniyetmələri telefondan, planşetdən uzaq tutmaq lazımdır. Lakin bu cümlə artıq mənasız bir ifadəyə çevrilib. Çünki bu gün demək olar ki, hər yaş qrupundan uşaqların dərsləri rəqəmsal cihazlara bağlı şəkildə keçirilir.

Həmçinin biz müasir dövrdə yaşayırıq və əgər uşağımızın informasiya sahibi olmasını, dünyagörüşünün formalaşmasını istəyiriksə, onu rəqəmsal cihazlardan tamamilə məhrum edə bilmərik. Sadəcə bu, nəzarətli şəkildə olmalıdır. Xüsusən də 10-15 yaşlı qruplarda daha diqqətli olmalıyıq. Çünki bu yaş dövrü yeniyetməliyin ən riskli mərhələsidir və yeniyetmələr bu dövrdə sosial mediaya və müxtəlif davranışlara daha meyilli olurlar. Yuxarıda qeyd etdiyim kimi, bu hallarda diqqət əskikliyi yaranır və nəticədə dərslərində zəifləmə müşahidə oluna bilər.

Eyni zamanda, 20-24 yaş aralığı da riskli hesab olunur. Bu yaş dövründə gənclər öz həyatlarını qurmağa çalışırlar, onlayn kurslara qoşulurlar, müxtəlif materiallar oxuyurlar, iş axtarırlar və ya saatlarla CV hazırlayırlar və s. Bu səbəbdən, həmin yaş aralığında olan gənclər də rəqəmsal cihazlardan istifadə zamanı diqqətli olmalı və özlərini yormamalıdırlar. Bunu fasiləli və daha nizamlı şəkildə etsələr, həm özlərini yormazlar, həm də sağlamlıqlarına zərər verməmiş olarlar.

Yetkin yaş qrupu da aktiv media istifadəçiləridir. Onlar da yaş krizlərini və ya digər sıxıntılarını daha sağlam yollarla həll etməyə çalışmalıdırlar — rəqəmsal yorğunluğu artıran yollarla deyil.


Hazırladı: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et