"İncəsənətin inciləri" rubrikası "Cəsarət, Narahatlıq və Ümidsizlik - Müharibəyə baxış" əsərini təqdim edir.

James Sant 1850-ci ildə çəkdiyi bu təsirli tabloda üç qadının üz ifadələri və bədən dili vasitəsilə müharibənin fərqli psixoloji tərəflərini göstərib. Rəssam hər bir qadın fiqurunu simvolik şəkildə işləyib, onları Cəsarət, Narahatlıq və Ümidsizlik kimi təqdim edib.
Öndə dayanan qadın, yəni Cəsarət irəli əyilib, baxışları gərgin və qətiyyətlidir. Sanki döyüşə atılmağa hazırdır. Əlindəki xəncər onun təhlükəyə qarşı durmağa qərarlı olduğunu göstərir. O, nə baş verdiyini tam görmək və anlamamaq qorxusuna qalib gəlib.
Ortada dayanan qadın Narahatlıqdır. Onun baxışları donuqdur, əllərini sinəsində sıxıb. Ətrafındakı xaosu izləməyə cəsarəti çatmayıb, amma gözlərini də tam yayındıra bilməyib. Hər anın gətirəcəyi bədbəxtliyi içində hiss edib.
Üçüncü qadın isə artıq dözə bilməyib. Ümidsizlik yerə çöküb, başını aşağı salmış halda üzünü bir kənara çevirib. O, hadisələrin qarşısında aciz qalaraq ümidini itirib. Sanki müharibə onun içində çoxdan başa çatıb.
Sant bu üç qadını bir kompozisiyada birləşdirərək müharibənin yalnız döyüş meydanındakı əsgərlərə deyil, arxada gözləyənlərə də necə iztirab verdiyini təsirli şəkildə göstərib. O, qadınların geyimindəki detallar, kölgə və işıq oyunları vasitəsilə duyğuları daha da gücləndirib.
Bu əsər müharibəyə yalnız qəhrəmanlıq və qələbə prizmasından yox, insan psixologiyası prizmasından da baxmağa vadar edib. James Sant dövrünün ən incə müşahidə qabiliyyətinə malik rəssamlarından biri olduğunu bu əsərlə sübut edib.
Hazırladı: Talehə Hüseynzadə
