Avropa İttifaqı (Aİ) Komissiyası enerji sahəsindəki mübahisələrin həlli məsələsində Birliyin mövqeyinə zidd davrandığı üçün Macarıstanı Avropa Ədalət Məhkəməsinə verib.
Aİ Komissiyasının yaydığı açıqlamada bildirilib ki, Avropa Ədalət Məhkəməsi 2 sentyabr 2021-ci il tarixində verdiyi qərarla, Aİ-yə üzv ölkə ilə digər bir üzv ölkədən olan sərmayəçi arasındakı mübahisələrin Enerji Xartiyası Müqaviləsinə əsasən həll olunmasına qarşı çıxdığını bildirib.
Açıqlamada qeyd edilib ki, Macarıstan bu qərara əməl etməyib və Komissiya bu ölkənin Avropa Ədalət Məhkəməsinin qərarına və Aİ qanunvericiliyinə zidd davrandığı üçün onu Məhkəməyə verib.
Aİ Komissiyası və 26 üzv ölkə 2024-cü ilin iyun ayında imzaladıqları ortaq bəyanatla, Aİ-yə üzv ölkə ilə digər bir üzv ölkədən sərmayəçi arasındakı mübahisələrin Enerji Xartiyası Müqaviləsinə əsasən həll edilə bilməyəcəyinə dair Avropa Ədalət Məhkəməsinin qərarını qəbul ediblər.
Macarıstan isə həmin qərarın “yalnız gələcəkdəki mübahisələrin həlli” üçün və Enerji Xartiyası Müqaviləsində dəyişiklik edildiyi halda keçərli olacağını iddia edib.
1994-cü il dekabrın 17-də Portuqaliyanın paytaxtı Lissabonda Rusiya da daxil olmaqla təxminən 50 ölkə və Aİ tərəfindən imzalanan Enerji Xartiyası Müqaviləsi, enerji sektorunda və ticarətində dövlətlərarası əməkdaşlıq üçün çərçivə yaradır.
Aİ isə bu müqavilənin beynəlxalq səviyyədəki iqlim hədəflərinə uyğun gəlmədiyini əsas gətirərək Enerji Xartiyası Müqaviləsindən çıxıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Solmaz Muradova
