Bir zamanlar Bakı küçələrində misgərlərin çəkic səsi eşidilirdi. Bu gün isə bu qədim sənət tədricən unudulmağa doğru gedir. Ustaların sayı azalır, emalatxanalar bağlanır, sənətkarlar isə gələcəkdən narahatdır.
Azərbaycanın zəngin dekorativ-tətbiqi sənət növlərindən biri olan misgərlik bu gün artıq çox az sayda ustanın davam etdirdiyi sənətə çevrilib. Bakıda bir neçə köhnə emalatxana fəaliyyət göstərsə də, onların əksəriyyəti kommersiya cəhətdən çətinlik çəkir.
Misgərlər bildirirlər ki, nə gənc nəsil bu sənətə maraq göstərir, nə də bazarda əvvəlki kimi tələb var. Əl işlərinin qiyməti baha başa gəldiyi üçün insanlar daha çox fabrik istehsalı olan məhsullara üstünlük verirlər.
Bəzi sənətkarlar isə bu qədim sənəti yaşatmaq üçün sosial şəbəkələrin imkanlarından istifadə edir. Instagram və TikTok-da misgərlik proseslərini nümayiş etdirən videolar vasitəsilə həm diqqət cəlb olunur, həm də müştəri tapılır.
Misgərlik təkcə bir sənət növü deyil, həm də xalq yaddaşı, tarix və kimlikdir. Bu sənətin yaşadılması üçün cəmiyyətin, təhsil müəssisələrinin və dövlətin birgə səyi tələb olunur. Əks halda, yaxın illərdə bu sənəti yalnız muzey vitrinlərində görəcəyik.
Hazırladı: Gülay Bədirli
