Çinli aktrisa Naşi üçün bu il karyerasında yüksəliş ili olmalı idi – iki böyük film və çoxdan gözlənilən televiziya dramında baş rollar almışdı.

Amma iyun ayında 35 yaşlı aktrisanın ulduzu, on il əvvəlki imtahan balları üzərində yaranan qalmaqal nəticəsində internetdə alovlanan etirazlarla sönməyə başladı – nəticədə onun akademik keçmişi ilə bağlı rəsmi araşdırma başladıldı.
Hadisələr sürətlə inkişaf etdi. Onun adı “Çanganın Liçiləri” adlı serialın titrlərindən silindi və brendlər onunla əməkdaşlığı dayandırmağa başladılar. O, Çində imtiyaz və əlaqələr üzərindəki güclü ictimai qəzəb dalğasına tuş gələn insanların artan siyahısına qoşuldu. Hakimiyyət orqanları ictimaiyyəti sakitləşdirmək üçün araşdırmalar başladır. Son aylarda bu cür qalmaqallar iki aktrisa, bir Harvard məzunu və Pekinin nüfuzlu xəstəxanasında çalışan bir həkim olmaqla gənc qadınları vurub. Onlar ailə əlaqələrindən istifadə edərək ədalətsiz üstünlüklər qazanmaqda ittiham ediliblər.
Weibo istifadəçilərindən biri yazır: “Hər il imtiyaz qalmaqalları olur, amma bu il əvvəlkindən də çoxdur.” Başqa biri qeyd edir: “Belə qalmaqalları daha çox görmək istərdim. Bu, insanın gözünü açır.”
Araşdırmalar göstərir ki, işsizlik və iqtisadi geriləmə səbəbindən bir çox gənc çinli artıq çalışqanlıqdan çox, tanışlıqların – “guanxi”nin – fayda gətirdiyini düşünür. Məsələn, Naşi anasının – tanınmış bir aktrisanın – əlaqələrindən istifadə edərək nüfuzlu dram məktəbinə qəbul olmaqda ittiham olunur. Anası bu məktəbdə 1980-ci illərdə təhsil almışdı. Bu proqram onların mənsub olduqları monqol etnik qrupu üçün nəzərdə tutulmuşdu. Amma köhnə müsahibələrdə Naşinin proqramın əsas öhdəliklərindən birini yerinə yetirmədiyi üzə çıxdı – o, məzun olduqdan sonra Daxili Monqolustanda işləmək əvəzinə Norveçdə təhsilini davam etdirmişdi.
İyun ayının əvvəlində, milyonlarla şagirdin ağır universitet qəbul imtahanı – Gaokao – verdiyi bir vaxtda, 2008-ci ildə Naşinin qəbul olduğu dram məktəbi üçün ən aşağı ballar internetdə paylaşılmağa başladı və iddia edildi ki, bu ballar ona məxsusdur. “Məktəbə yalnız anasının köməyi ilə qəbul oldu?” sualları artmağa başladı. İttihamlar o qədər ciddi idi ki, sonda rəsmilər onun balının çox daha yüksək olduğunu açıqladılar. Amma bu da qəzəbi azaltmadı.
İnternet qalmaqalları yalnız Çinə xas deyil, amma orada cəmiyyətin qəzəbini, suallarını və məyusluğunu ifadə etmək üçün mühüm bir platformaya çevrilib. Müstəqil media demək olar ki, mövcud deyil, bu isə sosial şəbəkələrdə nəzarətsiz şayiələrin və fərziyyələrin sürətlə yayılmasına şərait yaradır. Bəzi hallarda istifadəçilər özləri araşdırma apararaq korrupsiya və ya qanun pozuntularını üzə çıxarırlar.
Apreldə bu, Pekinin nüfuzlu xəstəxanasında çalışan iki həkim – Xiao və Dong familiyalı şəxslərin başına gəldi. Xiao-nun həyat yoldaşı xəstəxanaya məktub yazaraq, onun Dong-a qarşı iş yerində xüsusi münasibət göstərdiyini və ikisinin arasında münasibət olduğunu iddia etdi. O, çoxsaylı ittihamlarından biri ilə ərini işindən məhrum etdi: iddiaya görə, Xiao bir xəstəni 40 dəqiqə əməliyyat masasında nəzarətsiz qoyaraq Dong-u tibb bacısı ilə mübahisədə müdafiə etmişdi.
Hadisə sürətlə böyüdü və diqqət Dong-a yönəldi. Qəzəbli internet onun həkim diplomunu cəmi 4 ilə aldığını öyrəndi – halbuki bu prosesin minimum 8 il çəkməsi gərəkir. Onu Çin Xalq Tibb Universitetinə ədalətsiz yolla qəbul olunmaqda və məzuniyyət tezisini plagiat etməkdə ittiham etdilər.
Reaksiyalar o qədər güclü idi ki, Milli Səhiyyə Komissiyası araşdırma apararaq ittihamları təsdiqlədi. Hakimiyyət orqanları Dong-un həkim lisenziyasını və diplomlarını ləğv etdi, qalmaqalı yatırmağa çalışdı. Onun müxtəlif sahələrdəki kliniki təcrübəsi və ailəsinin siyasi əlaqələri də suallar doğurdu. Rəsmilər bu ittihamlara cavab vermədilər, bu da gizlətmə ehtimalını gücləndirdi.
Qinqdao şəhərində çalışan gənc bir həkim deyir: “Hər mərhələdə uğursuzluqlar oldu. Onlar daha dərinə getməyəcəklər.” O etiraf edir ki, valideynlərin tanışlıqla övladlarına kömək etməsi adi haldır, amma onu narahat edən “dərin ədalətsizlikdir”. Dong-un əldə etdiyi rezident statusuna çatmaq üçün 11 il işləyən bu həkim deyir: “Biz hamımız Dong-un bitirdiyi proqramı öyrənəndə şok olduq. Aydındır ki, bu, bizim kimi adi insanlar üçün deyil.”
Çox rəqabətli Çin cəmiyyətində, rezidentlik qazanmaq üçün ağır iş rejimində çalışan həkimlər üçün bu qalmaqal xüsusilə ağrılı oldu. “Niyə hər şey bu qədər ədalətsizdir?” – deyə internetdə tez-tez səslənən sualı o da verib. “Biz xəstələrə öz nəvələrimiz kimi qayğı göstəririk, amma həyatımız Dong-un həyatından qat-qat çətindir.”
Eyni məyusluq iyunda Harvard məzunu Yurong Luanna Jiang ətrafında yaranan qalmaqalı da qızışdırdı. O, Harvardda məzuniyyət nitqi ilə məşhurlaşdı – həmin gün ABŞ məhkəməsi Donald Trampın xarici tələbələrə qoyduğu qadağanı ləğv etmişdi. O, onlayn paylaşımında “çətin uşaqlıq keçirdiyini” və yalnız çox çalışaraq bu yerə çatdığını söyləmişdi. Əvvəlcə birlik çağırışı etdiyi üçün alqışlandı. Amma sonradan onun tərcümeyi-halını araşdırmağa başladılar və uğurlarının təkcə zəhmətlə əldə edildiyinə inanmadılar.
Tənqidçilər onun hekayələrindəki boşluqları tapdılar və o cavab verdikcə hücumları daha da gücləndirdilər. Bu, Çində gənclərin qarşısında daralan imkanların növbəti xatırlatması oldu. Covid-dən sonrakı zəif iqtisadi artım işdən çıxarılmalar, maaşların azaldılması və işə qəbulların dondurulması ilə nəticələndi. Milyonlarla məzun iş tapa bilmir, aşağı maaşlı işlərlə kifayətlənir və ya tamamilə iş axtarışından imtina edirlər.
RedNote istifadəçilərindən biri yazır ki, bu qalmaqallardan əsəbiləşərək internetdə paylaşım edərkən bir neçə saat sonra qəbul etdiyi iş təklifinin şirkət tərəfindən ləğv olunduğunu öyrənib. “Əslində, doğulanda qazanmadığın şeyləri ömrün boyu əldə edə bilməyəcəksən,” – deyə o qeyd edir.
Bu qəzəb yeni deyil. Çin hökuməti uzun müddətdir məşhurların və influencerlərin sərvət nümayişlərini senzura edir. Amma bəzən bu nəzarət də yetmir – məsələn, bir cüt sırğaya görə. Aktrisa Huang Yan Tian Tian qalmaqalla üzləşdi, çünki internetdə onun taxdığı sırğaların 2,3 milyon yuan (320 min dollar) dəyərində olduğu iddia edildi. İstifadəçilər onun bu pulu necə qazandığını araşdırmağa başladılar və atası haqqında məlumat tapdılar – o, dövlət qulluqçusundan iş adamına çevrilmişdi. Sonra məlum oldu ki, atası 2008-ci ildə dağıdıcı zəlzələ baş verən Ya’an şəhərinin yerli hökumətində işləyib. Ailənin sərvəti ilə bağlı suallar və zəlzələdən sonra ayrılan vəsaitdən faydalanma ehtimalları gündəmə gəldi. Hakimiyyət isə bunları rədd etdi və aktrisanın sırğalarının şüşədən hazırlanmış ucuz bir replika olduğunu bildirdi.
Amma hər kəs buna inanmadı. Weibo-da 1000-dən çox bəyənmə toplayan bir şərhdə yazılır: “Bildiyinizi bilirsiniz.” Başqa biri soruşur: “Məgər məmurlar gülürdülər?”
Çin Kommunist Partiyası bu məsələlərdə araşdırma başlatsa da, sürətli reaksiyalar kifayət etmir. RedNote-da bir istifadəçi yazır: “İctimai inam bir-iki gündə itməyib. Bu, ağılımıza təhqir kimi gələn araşdırmaların və nəticəsiz qalan hadisələrin toplanmasıdır.”
Partiya artan narazılıqlarla mübarizə aparmağa çalışsa da, ictimai məyusluq qalır. Onun gənclərə verdiyi mesaj “acı çəkmək” – yəni milli dirçəliş uğrunda əzab-əziyyətə dözmək – çağırışıdır. Amma insanların hələ sərbəst danışa bildiyi nadir platformalardan biri olan internetdə bu mesaj artıq təsirli görünmür. Burada “elita” – sadəcə “onlar” adlandırılan imtiyazlılar – barədə müzakirələr getdikcə artır.
Weibo-da ən çox bəyənilən şərhlərdən biri belədir: “Üç nəsil çalışdıq, amma hələ də səfalətdəyik, səbəb onlardır.” RedNote-da yazılan başqa bir şərhdə isə deyilir: “Biz pulu qəpik-qəpik qazanırıq, onlar isə yüz milyonları oğurlayırlar – sonra da bizə çalışqanlığın uğur gətirdiyini və zəhmətin şərəf olduğunu öyrədirlər.”
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali