Bu gün:

AB Rusiyaya tətbiq olunacaq sanksiyalar paketini təsdiqləyib


Avropa İttifaqına (AB) üzv ölkələr Rusiyanın enerji sektorunu, neft daşıyan “kölgə donanmasını” və banklarını hədəf alan 18-ci sanksiya paketini təsdiqləyib.

AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sosial media hesabında paylaşım edərək AB ölkələrinin Rusiyaya qarşı 18-ci sanksiya paketini qəbul etdiyini bildirib.

Rusiyaya təzyiqi artırmaqda qərarlı olduqlarını vurğulayan Kallas, “AB Rusiyaya qarşı bu günə qədərki ən güclü sanksiya paketlərindən birini təsdiqləyib”- ifadəsini işlədib.

Kallas Kremlin hərbi büdcəsini daha da məhdudlaşdıracaqlarına işarə edərək, Rusiyanın kölgə donanmasındakı 105 gəminin siyahıya alındığını qeyd edib.

Kallas əlavə edib ki, Rus banklarının maliyyəyə çıxışı da məhdudlaşdırılıb: 

“Şimal Axını boru kəmərləri qadağan ediləcək. Rus neftinə tətbiq olunan tavan qiymət daha da endiriləcək”.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen isə bildirib ki, yeni sanksiyalar Rusiyanın bankçılıq, enerji və hərbi-sənaye sektorlarını hədəfə alır. O, Rus neftinə yeni dinamik tavan qiymət tətbiq edildiyini qeyd edib.

Yeni sanksiyalar çərçivəsində 22 Rusiya bankı, Rusiya İnvestisiya Fondu və onun törəmə qurumları ilə əməliyyat aparmaq qadağan ediləcək.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et