Bu gün:

"Tik-tok-da bir videonun trend olması çox asandır, lakin...."


24Media.az-ın budəfəki müsahibi videobloger, Tiktok sosial şəbəkəsində yayımladığı videolarla tanınan, Azərbaycanı Avroviziya 2023-də  təmsil edən mahnının aranjimançısı Nihad Əliyevdir.

Nihad Əliyev özfəaliyyəti, videoblogerlik və Azərbaycan internet mediasının bu günü ilə bağlı suallarımızı cavablandırıb.

Müsahibəmizin əvvəlində Nihad Əliyev niyə nənəsi ilə artıq videolar çəkmədiyinə aydınlıq gətirib:

“Mən hazırda Bakıdayam və nənəm Zaqataladadır, bir-birimizdən ayrı düşmüşük, imkan olmur ki, birlikdə videolar çəkək. Tətildə rayona gedəndə dostlarımla görüşürəm, vaxt qalmır. Nənəm Bakıya gələndə videolar çəkmək istəsəm də, yaşlandığı üçün onu yormaq istəmirəm”.

Daha sonra müsahibimiz maraqlı məzmun anlayışından bəhs edib: 

“Maraqlı məzmun deyəndə gün ərzində qarşılaşmadığımız, standart olmayan şeyləri nəzərdə tuturam, videonu açıb baxanda gündəlik görmədiyim şeyləri görmək istəyirəm”.

Ardından bloger məzmun yaradan şəxslərin sonradan kontenti dəyişməsi ilə bağlı fikir söyləyib: 

“Əgər məzmunu yaradan irəlidə dəyişiklik edərsə, əvvəlki kütləsi onu izləməyəcək”.

Daha sonra Nihad Əliyev Azərbaycan izləyicisinin video məzmun yaradanlardan tələb etdiyi və izlədikləri arasındakı uyğunsuzluqdan danışıb: 

“Özüm 50-dən artıq konsepti yoxlamışam ki, Azərbaycanda hansı daha çox tutur. İndiyə qədər hazırladığım konseptlər içərisində ən az izlənəni vətənpərvərlik mövzusunda olub. Məsələn, şəhərdə xarici vətəndaşlara Azərbaycan bayrağı ilə Azərbaycanı tanıtdırmaq məqsədilə videomuz olmuşdu, çox az izlənmişdi. Bizdə qınaq obyektinə çevirirlər ki, vətənpərvərlik mövzusunda videolar yoxdur, amma çəkəndə də izləmirlər. İnsanların izlədiyi şeylərə görə videolar çəkəndə isə bir çox blogerlərin düşdüyü çuxur var: sırf izlənmə üçün pis məzmun yaradıb çəkəndə öz səviyyəni düşürürsən”. 

Eyni zamanda müsahibimiz qeyd edir ki:

"Tik-tok-da mənasız yerə edilən hərəkətlər, söyüşlər, davalar - hamısı izlənməyə görə edilir və həmin adamları gözdən salır”.

Ardından müsahibimiz vurğulayır ki, tiktokerlərin bir videosunun trend olması onların əla bloger olduğu mənasına gəlməz:

"Tik-tok-da bir videonun trend olması çox asandır, amma videosu tutanların hamısı əla bloger deyil ”.

Daha sonra Nihad Əliyev öz izləyici kütləsinin xüsusi adından, yaranma hekayəsindən və digərlərindən necə fərqlənməsindən danışıb: 

“Sasedlər daha müasir düşünürlər, daha dəbli geyinirlər, onların musiqi zövqü möhtəşəmdir, çünki mən öz izləyicilərimlə daim əlaqədəyəm və görürəm ki, musiqi seçiminin diapazonu o qədər genişdir ki, rep, rok, milli - bir sözlə, hər cür növə qulaq asırlar. Elə 14, 15 yaşlı izləyicim var ki, özünü Azərbaycandakı 30 yaşlı insanlardan daha çox inkişaf etdirib. Aralarında videoqraflar, rəssamlar, hətta şirkət Ceo-su olanlar da var. Məncə, Azərbaycanda nəsə edəcək uşaqlar varsa, o da sasedlərdir".

Ardından müsahibimiz “sased” sözünün mənasına aydınlıq gətirib: 

“Zaqatalada şəhərə çıxdıqda insanlar bir-birilərinə "sased" deyə müraciət edirdilər. Sased sözü rusca “qonşu” deməkdir. Bizim bir tanışımız hər kəsə sased deyirdi, bu da Tural və Turanın dilinə düşmüşdü, onlar da həmişə mənlə görüşəndə belə səslənirdilər. Mən də videolarda özüm də bilmədən bu sözdən istifadə etməyə başlamışam. Bir müddət sonra rəylərdə hamı məni sased olaraq çağırdı. Sonra da adımız belə qaldı. İndi sasedlər üçün xüsusi məhsullar hazırlayıram ki, uşaqlar şəhərdə gəzəndə bir-birini tanısınlar”.

Daha sonra Nihad Əliyev Azərbaycanın builki Avroviziya təmsilçiləri haqqında sosial mediadan edilən təzyiqlər barəsində danışıb: 

"Gül naxışlı paltarlarına, saçlarına görə edilən mənasız tənqidlər, təzyiqlər onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi. Həmin tənqidlərə mən də məruz qalmışam, ona görə də mənim üçün bu tənqidlər artıq  adiləşib. Zaqatalada saçımı uzadıb rəngləyirdim, qulağıma sırğa taxırdım. Məncə, geyimə görə tənqid yazanlar axmaqdırlar. Sırf geyimləri bəzəklidir deyə onları homoseksual adlandırdılar, olsalar belə, bunun heç kimə aidiyyatı yoxdur. Həm də yəqin ki, mənfi rəy yazan insanların, demək olar ki, gün ərzində elə də vacib işləri olmur. O insanlar özlərini inkişaf etdirməkdənsə, bunu edənlərə maneə olmağa çalışır”.

Ardından Nihad Əliyev öz işlərindən söz açıb:

“Görürlər ki, mənim çəkdiyim videolar trend olur, gedib eynisini çəkməyə başlayırlar. Mən də dərhal xarici konseptlərdən yararlanıram. Hazırda küçədə insanlarla çəkdiyim videolar davam edəcək. Əvvəl "Youtube"da olanda markalar məni görmək istəmirdilər, sonra bu konseptə keçdikdə qlobal markalardan təkliflər almışam”.

“Küçə sorğuları çəkməyin bir pis tərəfi var ki, çəkdiyin adam tanınır, sən yox, baxmayaraq ki, bütün əziyyəti sən çəkirsən. Buna görə küçə sorğuları etmək mənim ürəyimcə deyil, amma bir müddətlik buna məcburam. Sadəcə öz simam olan videolar da izlənir, amma sorğuların verdiyi effekti vermir”.

Müsahibimiz daha sonra paralel işindən danışıb:

“Mən eyni zamanda VFX Artistəm (Vizual effektlər hazırlayan). İstəyirəm ki, yaratdığım məzmunda özümün digər bacarıqlarımı da göstərim”.

Sonra Nihad Əliyev "Tik-tok-da “üstündəki paltar neçəyədir” başlığı altında çəkdiyi videolardan danışıb:

“Elə insanlar olur ki, qiyməti olduğundan çox deyirlər, lakin mən və dəbdən anlayan izləyicilərim bilir ki, o paltar ucuzdur, elələri də var ki, olduğundan aşağı deyir, sırf bahalı paltar olduğu üçün tənqidlərə məruz qalmaq istəmirlər”.

Daha sonra müsahibimiz ona televiziya kanallarından təklif gəldiyini, lakin özünün istəmədiyini bildirərək deyir:

“Deyərdim ki, əslində, televiziyanın izləyicisi qalmayıb, ona görə də ora enerji sərf etmək mənasızdır. Amma bu danılmazdır ki, televiziyada çalışanların izləyicisi olmasa da, status və hörmətləri olur”.

Müsahibimiz nə qədər televiziyanın izləyicisi qalmadığını, buna görə də ora enerji sərf etməyin mənasız olduğunu qeyd etsə də, gələcək hədəfləri sırasında bunu qeyd edib:

“İstəyərdim ki, mini serial çəkib televiziyaya təqdim edim”.

Nihad Əliyev onu da qeyd edib ki, hazırda sosial mediada irəliləmək daha asandır və fikirlərinə belə davam edib: 

"Mən "Youtube"a başlayanda təxminən 60 min adama “abunə ol” düyməsinə basmağı öyrətmişəm. Hazırda "Youtube"a başlayanlar üçün hər şey rahatdır. Və əvvəllər telefonların keyfiyyəti kifayət qədər yaxşı deyildi, biz məcbur idik ki, əlavə kamera alaq, lakin indi yalnız telefonla çəkirik və irəliləmək mümkündür. Sponsor tapmaq da asanlaşıb”.

Müsahibənin sonunda Nihad Əliyev “özüm istifadə etmədiyim şeyin reklamını etmirəm" deyərək reklam seçimlərində izləyiciləri arasında uşaqlar da olduğu üçün pis vərdişləri təbliğ edən vasitələrdən uzaq durduğunu bildirib.

Ayşə Məmmədcəfərli 

Paylaş
Şərh əlavə et