24media.az-ın budəfəki müsahibi siyasi şərhçi Kənan Novruzovdur. O, Ermənistanın KTMT-dən çıxmaq ehtimalını və bunun regiona mümkün təsirlərini şərh edib.
– Ermənistanın KTMT-dən çıxmaq ehtimalının artması regionda mövcud geosiyasi balanslara hansı təsirləri göstərə bilər? Bu, xüsusilə Azərbaycan-Ermənistan münasibətləri kontekstində necə dəyərləndirilə bilər?
– Ermənistanın KTMT-dən çıxması ilə bağlı açıqlamalar yeni deyil. Paşinyan və digər rəsmilər bu barədə dəfələrlə fikirlər səsləndiriblər. KTMT və Rusiya zaman-zaman tənqid olunub, xüsusilə İkinci Qarabağ müharibəsində müdaxilə etmədiyinə görə. Ermənilər bunu haqsızcasına əsaslandırırlar ki, KTMT Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməliydi. Halbuki bu yanaşma tam yanlışdır.
Reallıq budur ki, Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi deyil. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə məqsəd elə bu münasibətləri zəiflətmək idi. O, əvvəlki liderlərdən fərqli olaraq rusiyapərəst deyil. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan hələ də KTMT-dən çıxmayıb. Əgər bu qədər narazıdırsa, niyə bu prosesi rəsmi şəkildə həyata keçirmir?
Üstəlik, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ilbəil artır. Bu, göstərir ki, siyasi münasibətlər nə qədər gərginləşsə də, iqtisadi əlaqələr davam edir. Ona görə də bu vəziyyəti Rusiya ilə gizli razılaşdırılmış “siyasi teatr” kimi də oxumaq olar.
– Paşinyanın bu bəyanatını Rusiya-Ermənistan münasibətləri fonunda necə oxumaq olar? Sizcə, bu, Ermənistanın Qərbə meyllənməsinin rəsmi siqnalı kimi qəbul edilməlidirmi?
– Paşinyanın son bəyanatını birmənalı şəkildə Qərbə yönəlik siqnal kimi qəbul etmək sadəlövhlük olar. Bəli, Ermənistan Qərbə yönəlik jestlər edir, ABŞ, Fransa, Brüssel ilə münasibətlərini möhkəmləndirməyə çalışır. Amma gəlin görək, əslində nə dəyişib?
Ermənistan Moskvanın təsirindən çıxa bilirmi? Xeyr. Çünki Ermənistanda hələ də Rusiyanın 102-ci hərbi bazası var. Bu baza istənilən an siyasi proseslərə təsir edə bilər – çevriliş təşkil etməkdən tutmuş, Paşinyan hakimiyyətini devirməyə qədər. Buna görə də Ermənistan tam Qərbə inteqrasiya edə biləcək gücdə deyil.
Paşinyan bir tərəfdən Qərbə “mən sizin dediklərinizi yerinə yetirirəm” mesajı verir, digər tərəfdən isə hələ də Moskvanın oyun qaydalarına uyğun hərəkət edir. Bu, həm Rusiya ilə münasibətləri qorumaq, həm də Qərbdən maddi dəstək almaq üçün qurulan ikili oyundur.
Solmaz Muradova
