İsrail ordusu çərşənbə günü Dəməşqdəki Suriya Müdafiə Nazirliyinə və ölkənin cənubundakı hökumət qüvvələrinə zərbələr endirib. Bu zaman əsasən druzilərin yaşadığı Süveyda vilayətində ölümcül məzhəb qarşıdurmaları artıq dördüncü gündür davam edir.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, qüvvələri “druzi qardaşlarımızı xilas etmək və rejimin dəstələrini məhv etmək üçün” fəaliyyət göstərir. Suriya Xarici İşlər Nazirliyi isə İsraili “xain təcavüzdə” ittiham edib.
Bazar günü druz milisləri ilə bədəvi tayfaları arasında toqquşmalar başlayandan bəri Süveyda vilayətində 300-dən çox insanın öldüyü bildirilir.
ABŞ-nin Dövlət katibi Marko Rubio isə ölkənin cənubundakı zorakılıqdan “çox narahat” olduğunu bildirib, lakin qarşıdurmanın bir neçə saat ərzində sona çatacağına inandığını deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
