Pandemiyadan sonra tətbiq edilən hibrid iş modeli bir çox sahədə əməkdaşların uzaqdan işləməyə və texnologiyadan istifadəyə daha çox ehtiyac duymasına səbəb olub. Yeni araşdırma göstərir ki, düzgün texnologiya və bu sahədə verilən təlimlər işçilərin motivasiyasını artırır, işlərini daha məhsuldar və rahat şəkildə yerinə yetirməyə şərait yaradır.

TeamViewer şirkətinin baş kommersiya direktoru Mark Banfield bildirib ki, texnologiya problemsiz işlədikdə işçilərin məhsuldarlığı artır və onlar öz işlərinə tam fokuslana bilirlər. Lakin texniki nasazlıqlar olduqda bu, məhsuldarlığın azalmasına və vaxt itkisinə səbəb olur. Buna görə də texniki dəstək, proaktiv monitorinq və intuitiv alətlər mühüm rol oynayır. O əlavə edib ki, texnologiya insanların işinə uyğun dizayn olunmalıdır, əks halda bu, narazılıq yaradır və iş mühitinə mənfi təsir edir.
İşçilərin ən çox şikayət etdiyi məqamlar arasında ləng və etibarsız sistemlər, inteqrasiya olunmayan proqramlar və texniki dəstəyin gecikməsi yer alır. Banfield bildirib ki, TeamViewer ONE platforması bu problemləri həll etməyə kömək edir. Platforma real vaxt rejimində cihazların və proqramların fəaliyyətini izləyərək nasazlıqları hələ istifadəçiyə təsir etməmişdən əvvəl müəyyən edə bilir.
Şirkətlər arasında bu texnologiyadan istifadə edən RLI sığorta şirkəti göstərir ki, bu sistemlə texniki problemləri vaxtında aşkarlamaq və aradan qaldırmaq mümkündür. Onların İT meneceri Jeremy Roberts bildirib ki, indi texniki problemləri əməkdaşlardan zəng gəlmədən əvvəl müəyyən edə bilirlər.
TeamViewer həmçinin işçilərə yeni texnologiyalardan istifadə etməyi öyrətmək üçün təlim və dəstək imkanları da təqdim edir. Araşdırmalara əsasən, əməkdaşların səlahiyyətləndirilməsi və texnologiyalardan düzgün istifadə üçün lazımi təlimlərin verilməsi onların işə olan münasibətinə müsbət təsir edir.
Banfield qeyd edib ki, texnologiyanın mərkəzində insan dayanmalıdır. Alətlər sadə, istifadəsi asan və real iş şəraitinə uyğun şəkildə hazırlanmalı, istifadəçilərdən köhnəlmiş sistemlərə uyğunlaşmaq tələb olunmamalıdır. Şirkətlərin davamlı olaraq işçi rəyini nəzərə alaraq texnoloji həlləri təkmilləşdirməsi vacibdir.
Mənbə:The Guardian
Tərcümə etdi:Rəna Qarayeva
