Bu gün:

KPop uğuru: Demon Hunters


İyun ayında yayımlandığı gündən bəri KPop Demon Hunters adlı animasiya filmi Netflix-in qlobal siyahılarında zirvəyə yüksəlib, cəmi iki həftədə 33 milyon baxış toplayıb və 93 ölkədə ilk 10-luqda yer alıb (hal-hazırda dünyada ikinci yerdədir). Film artıq öz fan-artlarını yaradıb və dünyanın dörd bir yanındakı izləyicilər davamının çəkilməsini istəyirlər.

Təkcə film deyil, onun musiqisi də böyük əks-səda doğurub. 20 iyunda yayımlandığından bəri, filmdəki iki uydurma musiqi qrupu – ədalət tərəfdarı Huntr/x və onların üsyankar rəqibləri Saja Boys qlobal musiqi siyahılarını zəbt ediblər. Onların bəzi mahnıları BTS və Blackpink kimi K-pop nəhənglərini də geridə qoyub. Filmin saundtrekindən yeddi mahnı artıq Billboard Hot 100 siyahısına daxil olub. Spotify-ın ABŞ çartında isə birinci və ikinci yerləri tutublar. KPop Demon Hunters filminin əsas süjet xətti Huntr/x adlı üç nəfərlik qız musiqi qrupunun (Rumi, Mira və Zoey) ətrafında cərəyan edir. Onlar səhnədə parlaq ulduzlar kimi görünürlər, amma gizli şəkildə dünyanı fövqəltəbii təhlükələrdən qoruyan qəhrəmanlardır. Onların əsas düşmənləri isə pis qüvvələri təmsil edən Saja Boys adlı oğlan qrupudur. Film dostluq, inam və özünə sadiq qalmaq kimi mövzularla bəzədilən bir fantaziya, macəra və emosional hekayə təqdim edir. Parlaq vizuallar, gərgin döyüş səhnələri, yumor və özünü kəşfetmə mesajı filmi cazibədar edir. Amma filmin əsas uğur açarı musiqidir. Filmin Koreya-Kanadalı həmmüəllifi Maggie Kang bu ideyanı uşaqlığında sevdiyi K-pop idollarından ilhamlanaraq yaradıb. Burada musiqi sadəcə fon deyil, bu qəhrəmanların silahıdır. Hər orijinal mahnı səhnələrin emosional gücünü artırır.

Rejissorlar Maggie Kang və Chris Appelhans bu uğur üçün təcrübəli K-pop prodüserləri ilə işləyiblər. Milyard dollarlıq bir sənayeyə çevrilən K-pop musiqisi qlobal fan bazası, diqqətlə işlənən melodiyalar və yüksək səviyyəli rəqslərlə tanınır. Amanda Golka Los-Ancelesdə yaşayan gənc kontent yaradıcısı deyir: “Mən K-pop fanatı deyiləm, amma film və musiqiləri ilə tamamilə ovsunlandım. Maşında hər dəfə Spotify-dan bu soundtrack-ləri dinləyirəm”. Onun sözlərinə görə, “Musiqi hər mədəniyyətdə ortaq bir dildir”. K-pop üzrə tənqidçi və etnomusiqoloq Kim Youngdae deyir ki, bu film hətta K-pop-la maraqlanmayan insanlara da təsir edir.

Filmin populyarlığının başqa bir səbəbi də dünyanın Koreya mədəniyyətinə artıq daha çox bələd olmasıdır. K-pop, Koreya filmləri və dramaları ABŞ kimi Qərb bazarlarında artıq əsas axına çevrilib və bu film həmin dəyişikliyi gerçək və hörmətli şəkildə əks etdirir. O, Koreya həyatının gündəlik tərəflərini, yemək və qonaqlıq adətləri, Seulun qədim divarları, Hanuiwon (ənənəvi təbabət klinikaları), ictimai hamamlar və Namsan qülləsi kimi yerləri ustalıqla təqdim edir. Film stereotiplərdən uzaq, orijinal bir təsvir yaratmağa çalışır. Bunun üçün yaradıcı heyət Cənubi Koreyaya səyahət edib, Seulun küçələrindən tutmuş ənənəvi paltarlara qədər geniş araşdırma aparıb. Hətta personajların animasiyasında belə bu diqqət görünür. Filmdə personajlar ingiliscə danışsa da, onların ağız hərəkətləri koreya tələffüzünə uyğun hazırlanıb. Onların reaksiya və davranışları da koreyadır. Bəzən koreyaca sözlər və mahnı frazaları da eşidilir. Film K-pop fanat mədəniyyətini də əhatə edir , burada fan imza mərasimləri, rəngli işıq çubuqları və koreyaca plakatlar yer alır. Huntr/x və Saja Boys sinxron rəqslər (Koreyada buna Kalgunmu deyilir) ifa edirlər. Bu detallarla film real K-pop idolları kimi sevilən personajlar yaradır.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et