Bu gün:

Mata Hari adlı sirr


Mata Hari, əsl adı ilə Marqareta Geertruyda Zelle, 7 avqust 1876-cı ildə Niderlandda anadan olub. O, Birinci Dünya Müharibəsi dövründə tanınan ekzotik rəqqasə və casusluqda ittiham olunan şəxs olub.

Ailəsində baş verən faciələr və zorakı bir evlilikdən sonra çətin bir həyat yaşayıb, daha sonra Parisdə özünü yenidən kəşf edib və Mata Hari adı ilə tanınıb. Bu ad malay dilində “sübhün gözü” mənasını verib.

Onun erotik və striptiz xarakterli rəqsləri Avropada böyük maraq doğurub və bir çox yüksək rütbəli hərbi zabitlərin diqqətini cəlb edib. Həmin dövrdə məşhur sevgililəri arasında hərbçilər də yer alıb.

1917-ci ildə Fransa hakimiyyəti onu casusluqda ittiham edərək həbs edib. Onu Almaniyaya hərbi sirrlər ötürməkdə günahlandırıblar. Mata Hari isə öz günahsızlığını bildirib və əslində, Fransa kəşfiyyatı üçün işlədiyini deyib. Lakin qapalı hərbi məhkəmədə ədalətli müdafiə imkanı verilmədən mühakimə olunub və sonda güllələnərək edam edilib.

Edamdan sonra Mata Hari əfsanəyə çevrilib. O, tarixdə klassik “famm fatal” – yəni cazibədar, lakin təhlükəli qadın obrazında təqdim olunub. Onun casusluq fəaliyyətlərinin əsl miqyası hələ də mübahisə mövzusu olaraq qalıb. Sonrakı araşdırmalar onun əleyhinə konkret sübutların olmadığını ortaya çıxarıb.

Bu gün Mata Hari yalnız həyatı və səhnə fəaliyyəti ilə deyil, həm də müharibə dövründə ədalət və gender məsələlərinin mürəkkəbliyi ilə yadda qalıb.

Mənbə: EBSCO

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et