Bu gün:

Kreml: Trampın açıqlamaları çox ciddidir, təhlil üçün vaxta ehtiyacımız var


Kremlin sözçüsü Dmitri Peskov, Qərb ölkələrinin Ukraynaya əlavə silah tədarükünü “müharibəyə davam” siqnalı kimi qiymətləndirdiklərini bildirərək, “ Trampın açıqlamaları çox ciddidir. Onlarda şəxsən  Putinə yönəlik ifadələr yer alır”- deyib.

Peskov, ABŞ Prezidenti Donald Trampın Rusiyaya dair son açıqlamaları ilə bağlı Moskvada jurnalistlərə açıqlama verib.

ABŞ, NATO və Brüsseldə Ukraynaya əlavə silah göndərilməsinə dair verilmiş qərarları tənqid edən Peskov, “Bu qərarların Ukrayna tərəfindən sülh nişanəsi deyil, müharibənin davam etdirilməsinə siqnal kimi qəbul edildiyinə şübhə yoxdur”- ifadəsini işlədib.

Rusiya Prezidenti Vladimir Putinin “ehtiyac görərsə” Trampa cavab verəcəyinə işarə edən Peskov əlavə edib:

 “Trampın açıqlamaları çox ciddidir. Onlarda şəxsən Putinə yönəlik ifadələr var. Vaşinqtonda deyilənləri təhlil etmək üçün mütləq vaxta ehtiyacımız var”.

ABŞ mediasında yayılan və Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Moskva və Sankt-Peterburqa mümkün hücumlar” məsələsini müzakirə etdiyi barədə xəbərlərə münasibət bildirən Peskov deyib: “Bu cür ifadələr yeni deyil”.

Peskov, Rusiyanın Ukrayna ilə üçüncü mərhələ danışıqlara başlamağa hazır olduğunu və Ukraynadan bu barədə təqvim təklifi gözlədiklərini vurğulayıb.

ABŞ Prezidenti Tramp isə dünən bildirib ki, 50 gün ərzində Ukrayna ilə razılaşma əldə olunmazsa, Rusiyaya tətbiq edilən gömrük tarifləri 100 faiz artırılacaq. Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndəriləcək.

Mənbə: TRT HABER

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et