Bu gün:

Şərq mətbəxinin ən məşhur yeməyi


Uzaq Şərq mətbəxinin ən məşhur yeməklərindən biri suşidir. Suşi çiy balıq, dəniz məhsulları, tərəvəz və ya omlet kimi müxtəlif qidalarla birləşdirilib yaradılan yeməkdir.

Əsrlər əvvəl çiy balığın ömrünü uzatmaq üçün balığı duzlayıb düyünün arasına qoyurdular. Düyü ağır daşla sıxılır və həftələrlə gözlədərək fermentasiya (kimyəvi dəyişiklik) edilirdi. Daha sonra fermentasiya prosesini sürətləndirmək üçün balıqlar sirkələnmiş düyüdə saxlanılırdı. Təsadüfən düyünün dadına baxanda görülüb ki, yeməyin dadı pis deyil. Bir müddət sonra bu yemək üsulu inkişaf etdirildi. Balıq və tərəvəz kimi qidaları düyü və ya dəniz yosununa bükərək yedilər. Bu qida tez bir zamanda bir növ "fast food" rolunu aldı.

Bəs suşi yeyərkən nələrə diqqət etmək lazımdır?

Suşi yeməyin fərqli mədəniyyəti var. Yeməkdə istifadə olunan çubuqlar suşini adət etdiyimiz digər dünya yeməklərindən fərqli edir. Suşi ilə yanaşı, vasabi adlı qalın yaşıl qaynar sous da verilir.

Vasabini ilk dəfə yeyəcəksinizsə, yeməyə bir bulqur dənəsi qədər vasabi alaraq başlamaq tövsiyə olunur. Çünki vasabi çox acıdır. Vasabidən bir az götürüb suşinizə əlavə edə bilərsiniz. Əlavə olaraq soya sousu verilir. Suşini çubuqla götürün, soya sousuna batırın və yeməkdən zövq alın.

Suşi yeməyə hazırlaşanlar üçün bəzi məsləhətlər

• Tolerant dünyada yaşasaq da, suşi yemək üçün restorandan çəngəl istəmək suşiyə hörmətsizlik sayılır. Çubuqlarla yeyə bilmirsinizsə, əllərinizlə yeyə bilərsiniz. Əl ilə yemək olduqca təbiidir.

• Suşi çubuqlarınızla heç kimə işarə etməyin. Bu həm ayıbdır, həm də arzuolunmaz qəzalara səbəb ola bilər.

• Suşini soya sousuna batırarkən həmişə balıq tərəfinin yuxarıda olmasına diqqət edin. Vasabinizi soya sousuna qarışdıraraq da yeyə bilərsiniz.

• Suşi ilə verilən turşu zəncəfil suşinin üstünə qoyulub yemək üçün nəzərdə tutulmayıb. Turşunun vəzifəsi damağınızı təmizləməkdir.

• Bir loxmada bir tikə suşi yeyin. Əks halda, dağılacaq və ətrafa səpələnəcək.

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş