Yeni araşdırma göstərir ki, sosial şəbəkələrdən istifadə valideynlərin uşaqları ilə ünsiyyətinə yalnız ekran qarşısında olduqları zaman deyil, cihazdan uzaq olduqları hallarda da mənfi təsir edir.

ABŞ-nin Alabama Universitetinin doktorantı Liz Robinsonun rəhbərliyi ilə aparılan tədqiqat nəticəsində məlum olub ki, sosial mediadan gündəlik uzun müddət istifadə edən analar az istifadə edənlərlə müqayisədə uşaqları ilə oynayarkən 29% daha az danışırlar. Bu fərq anaların telefonlarından istifadə etmədiyi vaxtda da müşahidə olunub.
Araşdırma 2-5 yaşlı 65 uşaq və onların anaları ilə aparılıb. Nəticələr göstərib ki, e-poçt və hava durumu kimi digər ekran fəaliyyətləri bu mənfi təsiri göstərmir.
İnstitutun direktoru Kris Perri bildirir ki, sosial şəbəkələr istifadəçilərə cəlbedici və fərdiləşdirilən məzmun təqdim etdiyi üçün diqqətin uzun müddət orada qalması təbiidir. Bu isə valideynlərin zehni olaraq uşaqlarından uzaqlaşmasına səbəb ola bilər.
Perri valideynlərə tövsiyə edir ki, sosial media istifadəsini məhdudlaşdırmaqla övladları ilə daha çox danışsınlar. Dil inkişafı uşaq inkişafının əsas amilidir və doğumdan 18 yaşa qədər davamlı ünsiyyət tələb edir.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, nəticələr korrelyativ (əlaqəli) xarakter daşıyır və sosial medianın səbəb, yoxsa nəticə olduğu tam müəyyən edilməyib. Gələcəkdə bu araşdırmanın atalar üzərində də aparılması nəzərdə tutulur.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
