Yerli mediaya görə, Suriyanın cənubunda sünni bədəvi tayfaları ilə druz silahlı dəstələri arasında baş verən qarşıdurmalarda onlarla insan həlak olub.
Şiddətli toqquşmalar bazar günü əsasən druzların yaşadığı Süveyda vilayətində başlayıb. Bu, bir druz tacirin Dəməşq yolunda qaçırılmasından iki gün sonraya təsadüf edir.
Daxili İşlər Nazirliyi bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və sakitliyin bərpasına çalışıldığını açıqlasa da, bazar ertəsi vilayətin qərbində döyüşlər davam edib.
Bu hadisə dekabr ayında islamçı üsyançıların prezident Bəşər Əsədi devirməsindən sonra ölkədə baş verən növbəti qanlı məzhəb qarşıdurmasıdır.
Suriyadakı dini azlıqlar, o cümlədən özünəməxsus inanclara malik druz icması yeni hakimiyyətin verdiyi təhlükəsizlik zəmanətlərindən narahat olduqlarını bildiriblər.
“Suveyda 24” adlı yerli xəbər mənbəsi onlarla insanın öldüyünü, 200-dən çox insanın isə yaralandığını xəbər verir. Dəqiq ölüm sayı hələlik məlum deyil.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
