Bu gün:

"Qərar verməzdən əvvəl məqsədimizi müəyyənləşdirməliyik"


24Media.az-ın budəfəki müsahibi psixoloq Gülnar Orucovadır. O, qərarvermə stressinin öhdəsindən necə gəlmək lazım olduğundan danışıb.


- Qərar verməkdə çətinlik çəkən insanlar hansı xüsusiyyətlərə malikdirlər?

Belə insanlar adətən mükəmməlliyyətçi olurlar. Onlar hər şeyin ideal olmasını istəyir və bu düşüncə tərzini çox vaxt ailədən götürürlər. Xüsusilə mükəmməlliyyətçi ailə modelində böyüyən uşaqlar, səhv qərar verəndə valideyn tərəfindən tənqid, cəza və alçaldılma ilə qarşılaşırlar. Bu da uşağın özünə inamını zəiflədir və nəticədə o, böyüyəndə qərar verməkdə çətinlik çəkir. Belə insanlar qərar verərkən nəticəni həddindən artıq düşünür, səhv etməməyə çalışır ki, bu da onlarda stres yaradır. Onlar qərarlarında əminlik axtarır və çox vaxt başqalarının təsdiqinə ehtiyac duyurlar. Problemin kökündə isə uşağın səhvi ilə birlikdə qəbul edilməməsi dayanır.

Qərar verməzdən əvvəl məqsədimizi müəyyənləşdirməliyik. Bu qərarın yaxşı və pis tərəflərini düşünməli, həyatımıza necə təsir edəcəyini analiz etməliyik. Qorxularımızı tanıyıb üzərində işlədikdə, qərar vermək artıq stress yaratmır.

Sadə bir nümunə demək olar ki, bəzən xanımlar paltar almağa gedəndə əvvəlcədən hər şeyi - modeli, rəngi, detalları planlayırlar. Amma mağazada planlarına uyğun paltar tapmayanda narahatlıq və gərginlik yaşayırlar. Halbuki "B" planı olsa, seçim rahatlaşar. Bu yanaşmanı həyatın böyük qərarlarına da tətbiq etmək yəni, alternativləri qiymətləndirmək və qorxularla üzləşmək lazımdır. Bu prosesdə ən effektiv psixoloji yanaşmalardan biri "Koqnitiv davranış" terapiyasıdır. Bu terapiya sayəsində insanlar qorxularını tanıyır, mükəmməlliyyətçilikdən uzaqlaşır və daha rahat qərarlar verə bilirlər.

Səmayə Səftərova

Paylaş
Şərh əlavə et