Bu gün:

Süni intellekt Vətəndaş Müharibəsi döyüş sahəsi üzərində yeni bir mübarizəyə səbəb olur


ABŞ-ın Virciniya ştatı Vətəndaş Müharibəsi zamanı ölkənin ümumi itkilərinin təxminən 50 faizinə şahidlik edib. İndi isə burada süni intellekt üçün nəzərdə tutulan genişmiqyaslı məlumat mərkəzlərinin tikintisi bu tarixi torpaqları, ətraf mühiti və yerli icmaları təhdid edir.

Bull Run Legion topçusu barıtı konteynerdən çıxarıb topun yanına apardığı anda onlarca insan cibindən telefon çıxarıb kamerasını açır, göyə qaldıraraq, dövrə uyğun süngərlə topun lüləsini təmizləyən mavi formalı kişiləri çəkir. Top atəş açdığı anda, həmin an telefonlar da öz məlumat paketlərini “buluda” göndərir – məlumat mərkəzinə çatıb serverlər tərəfindən çeşidlənir, təmizlənir və yönləndirilir.


1861-ci il iyulun 21-də ABŞ-ı müdafiə edən İttifaq əsgərləri bu gün turistlərin smartfon ekranlarında çərçivələnən təpələrin üstündə dayanaraq, meşədən çıxan Konfederasiya qoşunlarının hücumunu izləyirdilər – bu, ABŞ Vətəndaş Müharibəsinin ilk əsas döyüşü idi. 150 ildən çox vaxt keçsə də, “yaşayan tarixçilər” kimi tanınan Bull Run Legion qrupu hələ də Manassas Milli Döyüş Parkında toplaşaraq dövrə uyğun texnika və geyimlərlə bu mübarizəni yad edir.


Amma bu gün texnologiyanın irəliləyişi bu tarixi məkanı fərqli bir döyüş meydanına çevirib.


Texnologiya şirkətləri Manassasda – İttifaq ordusunun müharibənin ilk böyük quru döyüşünü uduzduğu ərazidə – dünyanın ən böyük məlumat mərkəzlərindən birini tikməyi planlaşdırırlar. Süni intellekt sənayesinin sürətlə inkişaf etməsi məlumat mərkəzlərinə tələbatı artırıb. Amma mütəxəssislər və fəallar deyirlər ki, bu texnoloji yarış su, enerji və torpaq kimi resursları təhlükə altına ata bilər. Bəziləri bu vəziyyəti sakinlər və gələcək nəsillər üçün “artmaqda olan böhran” kimi görür.


Problem yalnız praktiki deyil – bəzi insanlar məlumat mərkəzlərinin milli abidələrin yaxınlığında tikilməsinin tarixi silə və Vətəndaş Müharibəsinin gələcək nəsillər üçün verdiyi dərsləri unutdura biləcəyindən narahatdırlar. Topla çalışan “yaşayan tarixçi” Bart Wheeler BBC-yə deyir: “Bu parkın görüntüsündə bir məlumat mərkəzi görmək istərdimmi? Xeyr, istəmərəm. Amma İT sahəsində işləmiş biri olaraq onların vacib olduğunu anlayıram. Yəni asan bir cavab yoxdur. Məsuliyyətli hər bir vətəndaş narahat olmalıdır”.


Məlumat mərkəzlərini tikən şirkətlər isə bu narahatlıqlarla razılaşmır və inkişafın tarixi kontekstə hörmətlə yanaşdığını bildirirlər. Hətta yeni məlumat köşkləri və park ətrafında gəzinti yolları planlaşdırırlar.


Təxminən 150 il əvvəl İttifaq ordusunun bu torpaqları qorumaq üçün apardığı mübarizədən sonra, bu gün bir qrup yerli vətəndaş, ətraf mühit fəalları və tarix həvəskarları sənayenin maraqlarını öz mənafelərinin üstünə qoymasına qarşı fərqli bir savaş aparır. Bu münaqişənin qlobal nəticələri ola bilər.


İnterneti işlədən infrastruktur çox vaxt böyük, pəncərəsiz binalarda yerləşir, ətrafı hündür qara hasarlarla çevrilmiş olur. İçəridə isə server bankları dünyanın hər yerindən siqnalları qəbul edir və emal edir – bu, viral videolar, mesajlar və indi də süni intellekt sorğuları üçün texniki güc təmin edir.


Məlumat mərkəzləri şəxsi düşüncə və əməliyyatlarımızı emal edir, amma çox vaxt istifadəçilər onları görmür – yalnız o halda ki, onlar sizin qonşuluğunuzda olsun. Dünyanın hər yerində məlumat mərkəzlərinin genişlənən ərazisi və resurslara olan tələbatı bu sahəni daha da görünən və mübahisəli edir, xüsusilə süni intellekt dövründə.


QTS Data Centers şirkətinin sözçüsü Karen Cohen bildirir ki, “Müştəri tələbi çox yüksək olaraq qalır – bu, iqtisadiyyatın rəqəmsallaşması və süni intellekt inqilabı ilə bağlıdır”. Şirkət Manassasda inşa ediləcək “Prince William Digital Gateway” adlanan məlumat mərkəzinin tikintisini planlaşdırır. “American Battlefield Trust” təşkilatına görə, bu layihə dünyada planlaşdırılmış ən böyük məlumat mərkəzi kompleksidir və 37 binanı əhatə edəcək.


QTS və digər məlumat mərkəzi təminatçıları serverlərini digər şirkətlərə icarəyə verir – bu, internetin işləməsi üçün əsas infrastrukturu təşkil edir. İnternet böyüdükcə, şimal Virciniyada da bu sənayenin izi genişlənib: bu region artıq dünyanın ən böyük məlumat mərkəzi bazarıdır. 2025-ci ilin yayına qədər bölgədəki təxminən 340 məlumat mərkəzinə əlavə olaraq daha 1200-ə qədər yeni mərkəzin tikilməsi planlaşdırılır (Sierra Club təşkilatına görə).


Şimal Virciniya texnologiya sənayesinin beşiyi olub və hələ də əsas mərkəzdir. Vaşinqtona və müdafiə sənayesinə yaxınlıq, vergi güzəştləri və ixtisaslı işçi qüvvəsinə çıxış bu sahənin burada kök salmasına səbəb olub. Bull Run Legion-un bəzi iştirakçıları BBC-yə bildiriblər ki, həftə sonları döyüş səhnələrini canlandırsalar da, gündəlik həyatlarında İT mütəxəssisi kimi çalışırlar.


Sürətlə böyüyən süni intellekt əvvəlki internet istifadəsindən qat-qat çox emal gücü və enerji tələb edir. Ona görə də məlumat mərkəzlərinə olan ehtiyac sürətlə artır. Hətta Ay orbitində məlumat mərkəzi tikilməsi, içərisində nüvə reaktorlarının yerləşdirilməsi və yaxın bir neçə ildə trilyonlarla dollar xərclə tikinti aparılması kimi təkliflər də irəli sürülüb.


İkinci Manassas döyüşünün baş verdiyi torpaqlarda planlaşdırılan Prince William Digital Gateway-in ümumi sahəsi 23 milyon kvadrat futdan (6,7 milyon kvadrat kilometr) çox olacaq. Dominion Power elektrik şirkətinin sözçüsü Aaron Ruby BBC-yə bildirib ki, ştatda məlumat mərkəzləri sənayesinin enerji tələbatı önümüzdəki 10 ildə 4 dəfə artacaq. Bu da bütün ştatın enerji ehtiyacının ikiqat artmasına səbəb olacaq.


Virciniya bu baxımdan tək deyil. 2024-cü ildə məlumat mərkəzləri qlobal enerji istehlakının 1,5 faizini təşkil edib. Bu göstəricinin 2030-cu ilə qədər ikiqat artaraq 945 teravat-saata (TWh) çatacağı gözlənilir. Bu, bu gün Yaponiyanın istifadə etdiyi enerjidən çoxdur.


Ştat qanunvericiliyi tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, məlumat mərkəzləri bumunun enerji tələbatını ödəmək üçün lazımi infrastrukturun qurulması “çox çətin olacaq”. Hesabatda əlavə olunur ki, əgər ştat təmiz enerji hədəflərinə çatmaq və fosil yanacaq istifadəsini azaltmaq istəyirsə, bu məlumat mərkəzlərini enerji ilə təmin etmək daha da çətinləşəcək. Bundan əlavə, uyğun qaydalar müəyyən edilmədiyi halda, yeni enerji istehsalı və ötürmə xətləri üçün tələb olunan tikinti xərcləri sadə vətəndaşlar üçün elektrik qiymətlərinin artmasına səbəb ola bilər.


QTS isə bildirir ki, elektrik şəbəkəsinin gücləndirilməsi ilə bağlı bütün xərcləri özü ödəyəcək və bu, yaşayış tariflərinə təsir etməyəcək. Amma Sierra Club-un Virciniya bölməsinin məlumat mərkəzləri üzrə məsul şəxsi Ann Bennett bunun real olmadığını deyir. “Bu hökumətin çox etibarlı audit orqanı deyir ki, ‘böyük bir problemimiz var' ” – Bennett BBC-yə bildirib. “Biz bu böyük şirkətləri təkcə enerji ilə deyil, həm də vergi pullarımızla subsidiyalaşdırırıq.”

2024-cü ildə sənayeni dəstəkləmək üçün verilən vergi güzəştlərinin ümumi məbləği 730 milyon dolları (536 milyon funt sterlinq) keçdi. Məlumat mərkəzləri ştata xeyli gəlir və müəyyən sayda iş yerləri gətirsə də, tənqidçilər hesab edir ki, iqlimə təsirlər və enerji xərcləri yetərincə nəzərə alınmır.


Bununla belə, Dominion Power şirkətinin nümayəndəsi Ruby deyir ki, “məlumat mərkəzləri hazırda elektrik enerjisi üçün tam dəyəri ödəyirlər”. O bildirir ki, bu qaydanın gələcəkdə də qüvvədə qalmasını təmin etmək üçün ştat hesabatı istehlakçıların müdafiəsini tövsiyə edib və Dominion bu müdafiə tədbirlərinin təsdiqlənməsi üzərində çalışır.


Bennett isə bunun kifayət etməyəcəyini deyir: “Demək olar ki, artıq çox gecdir” – o bildirir. “Bir növ bu artıq zərərin azaldılması layihəsinə çevrilib.” Virciniyada məlumat mərkəzi sənayesi artıq dərin kök salıb və inkişafı sanki qarşısıalınmaz qüvvəyə çevrilib. Lakin Sierra Club ümid edir ki, digər bölgələr Virciniyanın təcrübəsindən dərs götürərək düzgün tarazlıq qura biləcəklər.


“Biz inkişafa qarşı deyilik” – deyir Virciniyada doğulmuş və American Battlefield Trust təşkilatının rəhbəri olan David Duncan. Onun təşkilatı və bir neçə digər qrup “Prince William Digital Gateway” layihəsinin tikintisini dayandırmaq üçün məhkəməyə müraciət edib. “Biz inanırıq ki, bu məsələ ‘ya o, ya bu’ deyil, həm-həm şəklində yanaşılmalıdır” – Duncan BBC-yə bildirib. “Amma bu tip obyektlərin tarixi resurslara çox yaxın tikilməsinə tələsərək bu yanaşma tamamilə itib”. 


Cohen isə bildirir ki, məlumat mərkəzinin inşası ərazinin tarixi dəyərinə təsir göstərməyəcək və QTS şirkəti döyüş sahəsində “bir neçə kilometr çoxməqsədli gəzinti yolları” salmağı və “tarixi abidələr, interaktiv köşklər və digər vasitələr” quraşdırmağı planlaşdırır.


Amma bəzi insanlar üçün problem sadəcə lövhələrin azlığı deyil. “Heç kim meşəyə baxanda nəhəng beton binaların qalxmasını görmək istəmir” – Bull Run Legion üzvü Jim Matte BBC-yə deyir.


Digital Gateway layihəsinin təsdiqi 2023-cü ilin dekabrında keçirilən 27 saatlıq gərgin və mübahisəli bir ictimai yığıncaqda baş tutub. Səsvermə 4-3 nisbətində olub və qərar, artıq növbəti seçkilərdə məğlub olmuş qanunvericilərin iştirakı ilə qəbul edilib. Duncan bildirir: “Biz ona görə məhkəmədəyik ki, təsdiq prosesində qısa yollar seçilib”. O əlavə edir ki, fəallar və vətəndaşlar hesab edirlər ki, həm layihəçilər, həm də qanunvericilər ictimai etirazların olacağını əvvəlcədən bilirdilər, amma buna baxmayaraq tikintiyə yaşıl işıq yandırdılar (QTS bu məsələyə dair suallara cavab verməyib). 


American Battlefield Trust daha əvvəl də güclü layihəçilərlə əməkdaşlıq edib və məhkəmə çəkişmələrinə girib. İllər əvvəl təşkilat, Virciniyada yerləşən mühüm döyüş sahələrindən biri olan “The Wilderness”də Walmart mağazasının tikintisini üç mil (4.8 km) kənara çəkdirməyə nail olub. Duncan deyir: “Əgər ayağınızdan yapışıb buraxmırıqsa, bizdən bezəcəksiniz. Sadəcə geri çəkiləcək deyilik”. 


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et